Avropalılar: "Yağışın əlindən Allaha şikayət də edə bilmirik"

Avropalılar: "Yağışın əlindən Allaha şikayət də edə bilmirik"

Avropalılar onları sınağa çəkən havanın "ağlını itirdiyini" deyirlər


Hər gələn yayda hava Avropa üçün yeni sürprizlər gətirir. Təəssüf ki, bu sürprizlərin içində xoş olanı demək olar ki, yoxdur. Ötən il meşə yanğınlarından zara gələn avropalılar bu yay aramsız leysan yağışlardan və daşqınlardan beziblər.


Evlərin damını qıran dolu


Polşada tikinti briqadaları evlərin damlarını təmir edib çatdıra bilmirlər. Yayın istisində qəfil gələn doluya nəinki avtomobillərin, evlərin şüşələri, eləcə də damlar davam gətirməyib. Evlərin damlarında iri deşiklər qalmaqdadır. Dolu elə böyük ərazini əhatə edib ki, təmir briqadaları işin öhdəsindən gələ bilmirlər. Ölkənin qərb regionları isə bir həftədir aramsız yağan leysandan əziyyət çəkirlər. Istirahət yerləri bom-boş qalıb.


"Yağış ondan Allaha şikayət etməyə də imkan vermir"


Bu acı zarafatı isə İsveçrə fermerləri edirlər. Bu ölkədə hava şəraiti deyəsən yeni rekordlar vurmaq qərarındadır. Əhali son 220 ilin ən güclü yağışlarını müşahidə etməkdədir. Mütəxəssislər iki aylıq yağış normasının iki günə düşdüyünü deyirlər. Əkin sahələri demək olar ki, tamamiləməhv olub. Fermerlərə dəyən ziyanı hesablamaqdan başqa bir iş qalmayıb. Sinoptiklər yeni yağışlardan xəbər verirlər.


Səhər dondurma, axşam isti paltar


ən qəribə və qorxulu hava şıltaqlığı isə Macarıstanda baş verir. Səhər adamlar isti havanın əlindən fəvvarələrə baş vurur, dondurma və sərinləşdirici içkilərə növbəyə dayanırdılar. 40 dərəcəyə çatan istidə dondurma satanların alveri fontan vururdu. Cəmi bir neçə saat sonra, axşama tərəf isə tamam başqa bir mənzərəni müşahidə etmək olardı. Adamlar isti paltarlarının ardınca getməyə məcbur olublar. Temperatur birdəndirə nə az nə çox, 20 dərəcə aşağı düşüb! Təbii ki, bu cür kəskin dəyişiklərə ən sağlam orqanizm də asanlıqla dözmür. Təzyiqdən əziyyət çəkən insanlar tibbi yardımsız ötüşə bilməyiblər. Təcili tibbi yardım məntəqələri yüzlərlə çağırışa getdiklərini qeyd edirlər.


Okeanın o tayından isə başqa xəbərlər gəlir


Amerikada isə tamam başqa mənzərədir. Bu yayı son 120 ilin ən istisi kimi qeyd edirlər. Kanzas ştatında dəhşətli quraqlıq hökm sürür. Çaylar quruyub, balıqçılar oturublar evlərində. Əkin sahələrində ən istiyədözümlü bitkilər belə son günlərini


yaşayırlar. Qonşu Kolorado ştatında isə meşə yanğınları həyəcan təbili çalmağa vadar edir. Kaliforniyada artıq yüz hektarlarla meşə sahəsi külə dönüb. Istinin bir həftə də belə davam edəcəyi halda fövqəladə vəziyyət elan oluna bilər.


Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə