Bəşər Əsəddən Ərdoğana "tərs şapalaq"

Bəşər Əsəddən Ərdoğana "tərs şapalaq"

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı hər şeyi İsrailin müdafiəsi üçün etməkdən günahlandırıb. Dünya mediasının yaydığı xəbərə görə, Suriya lideri bununla bağlı açıqlamasında öncə Türkiyənin hökumət rəhbərinin Mavi Mərmərə olayından sonrakı mövqeyindən söhbət açıb: "Nəyə görə Ərdoğan Mavi Mərmərə insidentindən sonra qışqır-bağır salmaqdan başqa heç nə etmədi? Nəyə görə birinci İsrailə qarşı çıxdı, sonra Amerikanın hava hücumundan müdafiə sistemini ölkəsində yerləşdirdi? O, bunu Türkiyənin milli təhlükəsizliyini hansısa xarici qüvvədən müdafiə etmək üçünmü etdi? Amerikalılar bu bazaları özlərini region ölkələrinin təhlükəsindən qorumaq naminəmi tikirlər? Hansı region ölkəsi Amerikaya qarşı çıxmaq imkanındadır? - Heç biri. Ərdoğan bu bazaların olmasına məhz İsrailin müdafiəsi üçün razılıq verib. Məhz bu Ərdoğanın əsl simasını göstərir".


B.Əsədin sözlərinə görə, ərəblər daha Türkyənin baş nazirinə inanmırlar. Türkiyə isə birbaşa Suriyanın işlərinə qarışır. Bu, yolverilməzdir. Onun sözlərinə görə, Ankaranın yeritdiyi hazırkı siyasət təkcə Suriya deyil, türk xalqı üçün də olduqca təhlükəlidir. "Ərdoğan birdən-birə Suriya xalqına qarşı sevgi hiss etdi, onun qayğısına qaldı? Nəyə görə o məndən çox xalqın qayğısına qalmalıdır?.. Öz işləri ilə məşğul olsun. Qonşuları ilə problemlərini növbə ilə yoluna qoysun. Başqasının işinə qarışmasın", - deyə o vurğulayıb.


B.Əsəd Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsində vahid kürd dövlətinin formalaşdırılmasının qeyri-mümkünlüyünü də dilə gətirib. Onun fikrincə, belə bir ideyanı gerçəkləşdirmək niyyətləri böyük partlayış effeti yaradacaq, qanlı qarşıdurmalarla müşaiyət olunacaq: "Güman etmirəm ki, hansısa ölkədə belə dağınıqlıq baş verəcək. Əgər belə perspektiv müşahidə edilsə belə, bir deyil, bir neçə kürd dövləti olacaq".


B.Əsəd hesab edir ki, vahid ideya və dini baxışlar ətrafında birləşən hər bir etnik qrup və ya çevrə özünün dövlətinin mövcudluğunu istəyir. Son günlərdə geniş vüsət almaqda olan separatçılıq meyllərində isə ayrı-ayrı dövlət təsisatlarının fərqləndirilməsinə ehtiyac yoxdur, əksinə təkrar birləşdirilmə vacibdir. Suriya prezidenti Kürd Fəhlə Partiyası (PKK) ilə mübarizə məsələsinə də toxunub. O, rəsmi Dəməşqin PKK-ya Ankaraya qarşı mübarizədə dəstək göstərməsi ilə bağlı yayılan informasiyaları qətiyyətlə təkzib edib: "Əgər bunu sübut edən fakt varsa, göstərsinlər. Türkiyə artıq 30 ildir, PKK ilə vuruşur. Mənim nəyimə lazımdır ki, məsələyə girişim?".

Bütün xəbərlər Facebook səhifəmizdə