Ukraynanın "UDAR" partiyasının rəhbəri, məşhur boksçu Vitali Kliçko ölkənin Ali Radasında rus dilinin statusu ilə bağlı keçirilən səsverməyə münasibət bildirərkən deyib ki, bu proses parlamentin intiharı deməkdir. Ukrayna mediası xəbər verir ki, Kliçko fikirlərini ictimaiyyətə rəhbərlik etdiyi partiyanın rəsmi açıqlaması vasitəsilə çatdırıb.
Məşhur boksçunun sözlərinə görə, parlamentdə baş verənlər hakimiyyətin insanların hüquqlarını necə vəhşicəsinə və iyrənciliklə pozduğunu bir daha göstərir. Çünki oradakıları seçənlər Ukrayna vətəndaşlarıdır: "Deputatlar qalmaqallı qanunu müzakirə etmək imkanı əldə edə bilmədilər. Deməli, milyonlarla ukraynalının mövqeyi nəzərə alınmadı".
Kliçkonun sözlərinə görə, hazırkı parlamentdə Ukraynaya məxsus heç nə qalmayıb. Buna görə də o, müxalifətdən olan deputatları mandatlarını təhvil verməyə və birləşərək ölkədəki hakimiyyəti dəyişməyə çağırıb: "Səlahiyyətləri təhvil verib insanların yanına getmək lazımdır. Müxalifət qarşısında duran vəzifə hakimiyyəti dəyişmək və parlamentin müstəqilliyini geri qaytarmaqdır. Bu parlamentin yaşamağa heç bir haqqı yoxdur. Bu, Ukraynanın vətəndaşlarına münasibətdə ədalətli qərar olacaq".
Qeyd edək ki, Ukraynanın hakim Regionlar Partiyası rus dilinin statusu ilə bağlı qalmaqallı qanunu müxalifətdən olan deputatların başını qatmaqla müzakirəsiz səsverməyə çıxarıb. Son anda məsələdən xəbər tutan müxalifətçilər buna mane olmağa çalışsalar da, səyləri heç bir fayda verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB