Ukraynada rus dilinin statusu ilə bağlı qanun qəbul edildi - VİDEO

Ukraynada rus dilinin statusu ilə bağlı qanun qəbul edildi - VİDEO

Ukraynanın Ali Radası rus dilinin statusu ilə bağlı qalmaqallı qanunu nəhayət ki, qəbul edib. Ukrayna mediası xəbər verir ki, meydana çıxması mübahisələrə və hətta dava-dalaşa yol açan bu proses hələ lap əvvəldən paytaxt Kiyev küçələrində müxalifət nümayəndələrinin aramsız aksiyaları ilə müşaiyət edilmişdi. Onlar hər vasitə ilə qanunun qəbuluna mane olmağa çalışmışdılar.


Öz növbəsində rus dilinin ikinci dövlət dili statusu almasını istəyən hakim Regionlar Partiyası da müxalifətə qarşı müxtəlif qeyri-standart üsullardan istifadə edib. Həmin üsullardan birinə isə qanunun qəbul edildiyi gün baş vurulub.


Baş verə biləcək hay-küyü tənzimləmək üçün parlamentin sədri Litvin hamını aldadaraq deyib ki, bu həftə sözügedən sənəd müzakirəyə çıxarılmayacaq. Axşama doğru o, parlament zalını tərk edib və yerini vitse-spikerə buraxıb. Ali Radadakı müxalifət təmsilçiləri vəziyyətin başqa cür olduğunu ən axırıncı anda hiss ediblər və həmin dəqiqə də sədarətin qarşısına toplaşıblar.


İclas zalında qarmaqarışıq yaranıb. Vitse-spikeri isə kənarlardan Regionlar Partiyasının iri cüssəli deputatları qoruyublar. Beləcə o, yəni Martınyuk əlçatmaz olub. Hücum edənlər yalnız mikrafona əl ata biliblər. Müəyyən müddət qurğu sıradan çıxsa da, zirək Martınyuk həmin andaca səsvermə keçirib və qanun qəbul edilib. Müxalifətin lideri Arseni Yaçenyuk məsələ ilə əlaqədar bildirib ki, Ali Rada artıq Ukraynanın qanunverici orqanı deyil. Bundan sonra müxalifət iclas zalını tərk edib.


Qeyd edək ki, yeni qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bunadək isə sənədə prezident Viktor Yanukoviç imza atmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə