Medvedyevin Kuril səfəri Yaponiyanın "soyuq müharibə" hədəsi ilə nəticələndi

Medvedyevin Kuril səfəri Yaponiyanın "soyuq müharibə" hədəsi ilə nəticələndi

Yaponiya Rusiyanın baş naziri Dmitri Medvedyevin Kuril adalarına bu günlərdə baş tutan səfəri ilə əlaqədar narazılığını ifadə edib. Bu məqsədlə Rusiyanın bu ölkədəki səfiri Yevgeni Afanasyev Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.


Rusiya mediası xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Koitiro Qembanın sözlərinə görə, Medvedyevin Kuril adalarının cənubunda yerləşən Kunaşirə səfəri ölkələr arasındakı münasibətlərdə "soyuq müharibə" yaradacaq.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, ampulasına sadiq qalaraq yaponiyalı həmkarının fikirlərinə soyuq tərzdə reaksiya verib. Ortada şərh etməli məsələnin olmadığını bildirən Lavrov deyib ki, Rusiya Federasiyasının baş naziri ölkənin qanuni ərazisi olan bölgəyə növbəti səfərlərindən birini gerçəkləşdirib və oradakı sosial-iqtisadi inkişafla maraqlanıb. O xüsusi olaraq vurğulayıb ki, mübahisə predmeti olan ərazi ilə bağlı məsələdə ortaq məxrəcə gəlmək üçün etirazları sıralamaq heç də effektiv vasitə sayıla bilməz. Əsas məsələ əldə olunan razılıqların yerinə yetirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə