Pakistan parlamenti ölkənin yeni baş nazirini seçib. Ötən gün baş tutan səsvermədə hazırkı iqtidar - Pakistan Xalq Partiyasının nümayəndəsi, ölkənin sabiq su və enerji naziri Racə Pərviz Əşrəf qalib gəlib. Səsvermə zamanı Pərviz Əşrəfin lehinə 211 səs, əleyhinə isə 89 səs verilib. Səsvermədən sonra çıxış edən Pərviz Əşrəf ilk olaraq Paksitanın təhlükəsizliyi məsələsinə toxunub və Əfqanıstanda sülh olmadıqca öz ölkəsində də sülhün bərqərar olmayacağını bildirib.
"İslam pərdəsi altında gizlənərək ölkədə dini zorakılıqlar törədən silahlılar saysız-hesabsız itkilərə səbəb olublar. Mən Pakitsanın baş naziri kimi həmin kəsləri silahı yerə qoymağa və normal sosial həyata geri dönməyə səsləyirəm. Mən Allaha inanıram. Pakistan Xalq Partiyasına və onun tərəfdarlarına da etibarım yüksəkdir", - deyə Əşrəf sözlərini ifadə edib.
Müxalifət lideri Çodri Nisar Əli Xan isə parlamentin bu seçimini utanc verici seçim adlandırıb və qeyd edib ki, Əşrəfin baş nazir seçilməsi prezident Asif Əli Zərdarinin Pakistan xalqından qısas almasına bərabərdir.
"Mən zarafat etmirəm. Bu gün bütün xalq utanc hissi keçirir. Bu faktdır", - deyə Xan əlavə edib.
Qeyd edək ki, Əşrəf su və enerji naziri vəzifəsində çalışan zaman hökumətin enerji layihəsinə ayrılan pullarını mənimsəməkdə və rüşvətxorluqda ittiham edilir.
Qeyd edək ki, sabiq baş nazir Yusif Rəza Gilani rüşvətxorluqda ittiham olunan prezident Asif Əli Zərdariyə qarşı məhkəmə işi qaldırmaqdan imtina etdiyi üçün Ali Məhkəmə tərəfindən vəzifəsindən kənarlaşdırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB