İran dəlilləri yox etmək istəyir

İran dəlilləri yox etmək istəyir

İran 5+1 ölkələri ilə nüvə danışıqlarından sonra yeni oyuna start verib. SİA-nın xəbərinə görə, "altılıq" ölkələrinin irad və təkliflərinə rəğmən rəsmi Tehran nüvə enerjisi əldə etmək yolunda səylərini artırıb. Bu. beynəlxalq qurumların diqqətindən yayınmayıb. İran nüvə fəaliyyətində şübhəli bilinən bölgələrdə dəlilləri aradan qaldırmağa başlayıb. Bu barədə açıqlama verən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano bildirib ki, Vaşinqtonun Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun yayımladığı yeni peyk təsvirlərində şübhəli bilinən bölgələrdə iki binanın məhv edildiyini müşahidə etmək olur.


"Peykdən əldə edilən yeni təsvirlər göstərir ki, bölgədə binaların dağıdılması, hasarların sökülməsi, su şırnaqlarından istifadə edilməsi, və torpaq qazıntıları işləri gedir" - deyə Amano sözlərini ifadə edib.


Çıxışı zamanı Amano onu da qeyd edib ki, agentlik nüvə məsələləri ilə bağlı İranla yeni danışıqlar mərhələsinə başlayacaq. Onun sözlərinə görə, rəsmi Tehran nüvə fəaliyyətinin aparılmasında şübhəli bilinən yerlərdə tədqiqat işlərinin həyata keçirilməsinə razılıq verməlidir. Amano İran rəsmilərinin sözlərinə istinadən tezliklə razılığın əldə ediləcəyinə inandığını qeyd edib.


"Növbəti görüş Avstriyanın paytaxtı Vyanada ayın 8-inə təyin edilib. Ümidvaram ki, İran Parçin bazasında tədqiqatların aparılması üçün sənədlərin imzalanmasına razılıq verəcək", - deyə Amano sözlərini ifadə edib.


Qeyd edək ki, İranla 5+1 ölkələri arasında növbəti danışıqlar isə ayın 17-sinə planlaşdırılır. Görüş Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə