Suriyada qətliam davam edir

Suriyanın müxalifət fəalları ölkədə növbəti qətllər barədə məlumat yayıblar. Əl-Quseyr şəhərində hökumət qüvvələrinin 12 dinc sakini qətlə yetirdiyi xəbər verilir. Həvəskar görüntülərdə zavoddan evə qayıdan fəhlələrin meyitləri nümayiş etdirilib.


Beynəlxalq ictimaiyyət Kofi Annanın sülh planına dəstək göstərməsə və ötən həftə Hulada törədilmiş qətllər araşdırılmasa, Suriyada böyük vətəndaş müharibəsi başlaya bilər. Bunu xəbərdarlıq edən BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilay vətəndaş müharibəsi baş verəcəyi halda, Suriya və bütün regionun təhlükə içində olacağını bildirib. Onun sözlərinə görə, Huladakı qətllər insanlığa qarşı cinayət hesab edilməlidir. O, dünya liderlərini Kofi Annanın sülh planına dəstək verməyə çağırıb.


Qeyd edək ki, Cenevrədə BMT-nin İnsan Haqları Komitəsi Suriyadakı vəziyyətlə bağlı növbədənkənar iclas keçirir. Bu, komitənin Suriyadakı vəziyyətlə bağlı 4-cü xüsusi iclasıdır. İclasda komitənin qətnamə layihəsi müzakirə edilib. Qətnamə layihəsində Suriyadakı hadisələrin araşdırılması üzrə beynəlxalq müstəqil komissiyanın mandatının genişləndirilməsinə çağrılır.


Suriyanın bu təşkilatdakı səfiri Feysəl əl-Həmvi isə bəzi dövlətlərin onun ölkəsini parçalamağa çalışdığını bildirib. Hudladakı qətlləri pisləyən əl- Həmvi də bu qətliama görə ölkədə fəaliyyət göstərən silahlı terrorçu qrupları günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə