Bununla da, ötən ilin martından bəri öldürülənlərin sayı 10 mini ötüb
Suriyada son bir sutkada 100-dən çox adamın öldürüldüyü xəbər verilir. Onlardan azı 88-i Homs şəhərində öldürülüb. Bu barədə məlumat yayan müxalifət qrupları öldürülənlərdən çoxunun qadın və uşaqlar olduğunu bildirib və bunu kütləvi qətl adlandırıb. Hökumət qüvvələrinin Hula şəhərini də atəşə tutması nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Müxalifət fəalları bu günün matəm günü elan olunmasını istəyiblər. Müxalifət mənbələrinin yaydığı rəqəm doğru olsa, bu, apreldə Suriyada atəşkəs planının qüvvəyə minməsindən bəri ən qanlı hücumlardan biri olacaq. Bununla da, BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin martında anti-hökumət nümayişlərinin başlamasından bəri 10 mindən çox adam ölüb.
Öz növbəsində BMT baş katibi Ban Ki Mun Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Suriyada vəziyyətin olduca ciddi olduğunu bildirib və dövlətləri bu münaqişə tərəflərindən heç birini silahlandırmamağa çağırıb. Suriya müxalifəti isə BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.
Bu arada BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın Dəməşqə səfərinin planlaşdırıldığı xəbər verilir. Tarix açıqlanmasa da, səfərin gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB