"Mavi söhbəti": Obama Sankt-Peturburqa gəlsə, cərimələnəcək

ABŞ prezidenti Barak Obama Sankt-Peturburqa gəlsə, cərimələnə bilər. Səbəb Rusiyanın ikinci paytaxtında homoseksualizmin təbliğinin qadağan edilməsidir. Birləşmiş Ştatların dövlət başçısı isə bir neçə gün öncə eyni cinslilərin nigahını dəstəkləyən çıxış səsləndirib.


Rusiya mediası xəbər verir ki, məsələ ilə bağlı Sankt-Peterburqun bəzi saytlarında belə bir fikir dərc olunub. "Biz çox böyük təəssüf hissi ilə Ranevskini bağışlamadıqsa, bu imperialisti (Obama nəzərdə tutulur) heç bağışlamarıq. Obama Peterburqa gəlsə, məhkəmə məmurları yaxınlaşmalı, onu məhkəməyə aparmalı və üzdənirağı cərimələməlidirlər. Obamanın cangüdənlərinin onu qoruyacağını da nəzərə almaq lazımdır. Buna görə də məsələyə xüsusi dəstələri cəlb etmək zəruridir. Eyni zamanda Peterburqun "gecə kəpənəkləri" Obamanın cangüdənlərinin başını qata bilər", kimi fikirlərin qeyd edildiyi yazılarda həmçinin bildirilib ki, Ağ Ev rəhbərini ən azı yarım milyon dollar cərimələmək mümkündür.


Göründüyü kimi, Sankt-Peterburqdakı bəzi saytlar B.Obama ilə loru desək, məzələnmək qərarına gəliblər. ABŞ prezidentinin eyni cinslilərin nigahına razılıqla bağlı fikirlərini iki gün öncə açıqlasa da, Ağ Ev dairələri zaman-zaman onun bu baxışlarının tam qətiləşmə mərhələsində olduğunu bildirirdilər. Prezidentin özü də mövcud istiqamətdə xeyli addımlar atmış, eyni cinslilərin müdafiəsinə yönələn bəzi qanunvericilik hərəkətləri reallaşdırmışdı. Bütün bunları yada salarkən Obama ilə artıq keçmiş sayılan Rusiya prezidenti Dmitri Medvedyevin bir müddət öncə Cənubi Koreyanın paytaxtı Seulda baş tutan Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsindəki görüşünü də xatırlatmaq zərurəti meydana çıxır. Həmin görüşdə Medvedyev Birləşmiş Ştatların dövlət başçısını məhz Sankt-Peterburqa dəvət etmişdi. Diqqətçəkən cəhət dəvətin şəhərdə homoseksualizmə qarşı mübarizə tədbirlərinə dair qanunun qəbulundan sonra edilməsi idi. Belədə Medvedyevin xoşməramlı jestinin hansı məqamı vurğulamağa hesablandığını ehtimal etmək o qədər də çətin deyil.


Yeri gəlmişkən, B.Obama noyabrın 7-də ABŞ-da keçiriləcək prezident seçkisindən sonra Rusiyaya səfər etmək niyyətində olduğunu, xüsusən də şimal paytaxtında olmaq istədiyini bildirib.168.az

Bütün xəbərlər Facebook səhifəmizdə