Avropa ölkələri Yalta sammitini də boykot edəcəkmi?

Avropa ölkələri Yalta sammitini də boykot edəcəkmi?

Məlum olduğu kimi mayın 10-da Yaltada "Mərkəzi Avropa Təşəbbüsü" adlı növbəti sammit keçiriləcək. Sammitlə bağlı SİA-nın Ukrayna bürosuna verilən məlumatda deyilir ki, bu tədbirlə bağlı artıq Kiyev 20 avropa ölkəsinə rəsmi dəvətnamə də göndərib.

Ukraynada son dövrlər baş verən siyasi vəziyyətə nəzər salanda aydın görünür ki, bir çox Avropa ölkələri sammiti boykot etmək fikrindədir. Belə ki, Ukraynanın eks-baş naziri Yuliya Timoşenkonun 20 apreldən aclıq etməsi və Xarkovdakı Kaçinivckiy həbsxanasında döyülmə fotoları mətbuatda yayımlandıqdan sonra artıq 18 avropa ölkəsi sammitə qatılmayacağını bəyan edib.

İlk bəyanat Almaniya prezidenti Yoaxim Qaukdan gəlib: "Əvvəla, mən başa düşdüm ki, Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç diplomatik dillə başa düşmür. Mənim səfərimin təxirə salınması məhz Y.Timoşenkonun səhhəti və həbsxanada döyülmə faktıdır".

Daha sonra digər bir Avropa ölkəsi olan Avstriya prezidenti Xaunç Fişer də öz səfərini təxirə salaraq iş qrafikinin gərgin olduğunu səbəb gətirib. Ukrayna mətbuatının yaydığı məlumata görə, Çexiya prezidenti Vaçlav Klaus, Slovegiyanın rəhbəri Danilo Tyurk və İtaliya prezidenti Djordjio Napolitona da Ukraynaya səfərlərini təxirə salıblar. Bundan əlavə Y.Timoşenko məsələsi Ukraynada keçirilən futbol üzrə Avropa çempionatını da müəyyən mənada boykot edə bilər. Belə ki, artıq Avropa Komissiyasının Prezidenti Jose Manuel Barrozu final oyunlarına qatılmayacağını deyib. Bu barədə AK-n mətbuat katibi Pia Axrenkilde Xanson mətbuata məlumat verib. O deyib ki, Ukrayna bizim böyük şərq qonşumuzdur və biz hadisələrin inkişafını diqqətlə izləyirik. Əgər vəziyyət yaxşıya doğru dəyişməzsə J.M.Barrozu finala qatılmayacaq. Dəvətnamələr arasında daha çox diqqət çəkən məqam Avropa komissiyasının prezidenti J.M.Barrozu və Avropa İttifaqının prezidenti Xermana Van Pompeyanın sammitə qatılmaq istəməməsi olub.

Məlumat üçün bildirmək istəyirik ki, "Mərkəzi Avropa Təşəbbüsü" 1989-cü ildə Budapeştdə İtaliya, Avstriya, Macarıstan, Yuqoslaviya dövlətləri tərəfindən yaradılıb. Əsasını siyasi, sosial-iqtisadi və bir çox məsələlər təşkil edən əməkdaşlıq haqqında müqavilə bağlayan sözügedən Avropa dövlətləri bunu Avropada sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyinə xidmət edəcəyini bildirmişdilər. 1993-ildə MAT-a Bosniya Hersoqovina, Sloveniya, Xorvatiya, Makedoniya, Çexiya, Slovagiya, Albaniya, Belarus, Bolqarıstan, Rumıniya, Ukrayna və Moldova da daxil olaraq sıralarını bir az da genişləndirdi. Hazırda MAT-a 18 dövlət daxildir ki, onlardan biri də Ukraynadır. Onu da xatırladaq ki, MAT-ın ötən sammiti 2011-ildə Varşavada keçirilib.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə