Erməni politoloq: "…Ermənistan "Disney lend" olmamalıdır"

Erməni politoloq: "…Ermənistan "Disney lend" olmamalıdır"

"Erməni diaspor təşkilatları üçün Ermənistan "Disney lend" olmamalıdır. Onların üzvləri ölkəyə yaşadıqları mehmanxanaların pəncərələrindən baxmaq ənənəsinə son qoymalıdırlar. Ermənistan bir müstəqil dövlət kimi diaspor üçün dünyanın mərkəzinə çevrilməlidir". Bu fikirlərin müəllifi Ermənistanın Regional Tədqiqatlar İnstitutunun rəhbəri, politoloq Riçard Kirakosyandır.


R.Kirakosyan erməni diaspor təşkilatlarının Ermənistana real yanaşmalı, ölkənin demokratikləşməsi, insan hüquqlarının müdafiəsi, iqtisadi inkişafın gücləndirilməsi məsələlərinə diqqət yetirməli olduqlarını önə çəkib. Politoloqun fikrincə, sadaladıqları erməni soyqrımının (qondarma - red.) beynəlxalq miqyasda tanınması qədər vacibdir.


K.Kirakosyan eyni zamanda deyib ki, Ermənistan hakimiyyəti də diaspora dəstəyini əsirgəməməlidir. "Amma bunun əksi müşahidə edilir. Ölkəyə qayıdan ermənilərin həyatlarını qurmalarında çətinliklər yaranır. Mən özüm də diaspor nümayəndəsiyəm. Dörd ildir, Ermənistanda yaşayıram. Bu müddət ərzində hakimiyyətdən xahişim budur ki, ölkədə yaşayış qaydasını sadələşdirsin, respublikanı məskunlaşma baxımdan cazibədar etsin. Yerlilərin də, bizim də oliqarxlar tərəfindən idarə olunan, demokratiya səviyyəsi çox zəif təsir bağışlayan ölkədə imkanlarımız xeyli məhduddur", - deyən politoloq Ermənistan cəmiyyətində sosial ədalətsizliyin hökm sürdüyünü, varlı və kasıb təbəqələr arasında dərin uçurumun mövcudluğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə