Yunanıstanda ixtişaşlar ara vermir

Yunanıstanda ixtişaşlar ara vermir

Afinada pensiyaların azaldılmasına etiraz edən 77 yaşlı təqaüdçü Dimitris Xristoulasın özünü güllələməsindən sonra Yunanıstan paytaxtında kütləvi ixtişaşlar başlayıb. "BBC Nyus"-a istinadən xəbər verilir ki, Xristoulas "Sintaqma" meydanında əhalinin gur olan vaxtında intihar edib. Ölümündən əvvəl yazdığı vərəqdə o, hökuməti pensiyaları azaltmaqda suçlayaraq təqaüdçüləri vəsaitsiz qoyduğunu bildirib.


"Mən həyatımı şərəflə sona çatdırmaq üçün bundan başqa çıxış yolunu görmürəm. Zibil qablarında dolaşmaqdansa, ölmək daha şərəflidir", deyə 77 yaşlı pensiyaçı ölümqabağı bu sözləri yazıb.


İntihardan sonra yüzlərlə yunan parlamentin önünə toplaşaraq hökumətə etirazlarını bildirib. Asayiş keşikçilərilə qarşıdurmada etirazçılar patrlayıcı maddələrdən istifadə ediblər. Afinanın küçələrində yanğınlar baş verib. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi qarşıdurmada nə qədər adamın həbs olunması və xəsarət alması barədə hələlik məlumat verilmir.


Qeyd edək ki, fevralın 12-də Yunanıstan parlamenti iqtisadi böhrandan çıxış məqsədilə büdcə xərclərinin azaldılması barədə qərar qəbul etmişdi. Sənədə əsasən, 15 min dövlət qulluğçusunun 3 il ərzində ixtisarı gözlənilir. Həmçinin maaşlar və pensiyalar da müəyyən qədər azaldılıb.


Verilən məlumatlara görə, parlamentin qərarından sonra ölkədə depresiyaya düşənlərin və intiharlar edənlərin sayı artıb.


Xatırladaq ki, fevralda - qərar qəbul olunan gündə də 100 minə yaxın sakin küçələrə axışaraq palamentin qəbul etdiyi qanuna etirazını bildirmişdi. Həmin vaxt da polislə toqquşmada gözyaşardıcı qazdan istifadə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə