Ermənilər: "İsveçrəlilər öz qanunlarını ələ salmağa imkan veriblər"

Ermənilər: "İsveçrəlilər öz qanunlarını ələ salmağa imkan veriblər"

Qondarma soyqırımın olmadığını deyən türkiyəli nazirə cinayət işinin açılmaması Ermənistanda böyük narazılıq doğurub


İsveçrə prokurorluğunun ötən il ölkənin Davos şəhərində baş tutan iqtisadi forumda iştirakı müddətində "erməni soyqırımı yoxdur!" deyən Türkiyənin Avropa Birliyi ilə əlaqəlar naziri Egemen Baxış barədə cinayət işinə başlamaqdan daşınması Ermənistanda ciddi narazılıq doğurub. Erməni mətbuatı E.Baxışın inkarını obrazlı formada Avropa qanunvericiliyinin üzünə atılmış əlcək (alçaldıcı hərəkət) kimi dəyərləndirib. İşğalçı ölkənin mediasında, konkret olaraq "panarmenian.net" saytında bildirilib ki, türkiyəli nazirin hərəkəti İsveçrənin mənəvi prinsiplərini ələ salmaqdır.


Əsəbləşmiş ermənilər belə fikirlər səsləndirməklə əslində Avropa dəyərlərinə xəyanət yolu tutduqlarını bir daha isbata yetirirlər. Onlar İsveçrə prokurorluğunun elə həmin demokratik dəyərlərə və qanunçuluğa əsaslanaraq E.Baxışın ölkədə olduğu müddətdə diplomatik toxunulmazlığa malikliyini bir kənara qoyurlar. "Arqumentləri" isə bundan ibarətdir ki, türkiyəli nazirin "erməni soyqırımı yoxdur!" deyərkən diplomatik statusunun mövcudluğunu düşünməsi mümkünsüzdür. Erməniləri ən çox narahat edən də elə məhz budur.


İsveçrədə vaxtilə "erməni soyqırımı"nı danmaya görə cəzalandırılanların olduğuna diqqət çəkən ermənilər bütövlükdə isveçrəlilərin guya öz qanunlarını ələ salmağa imkan verdiklərini vurğulayıblar. Onlar hədələrindən də qalmayıblar: "Türkiyə hakimiyyəti öz məmurlarının hərəkəti üzərində düşünməlidir. Çünki Avropanın Avropa Birliyinə qoşulmaq istəyən ölkəni onun qanunlarına hörmətlə yanaşmağa vadar edən başqa metodları da var".


Qeyd edək ki, bir müddət əvvəl İsveçrənin Surix kantonunun prokurorluğu Türkiyənin Avropa Birliyi ilə əlaqələr naziri E.Baxışla bağlı ilkin tədqiqatlara başlamışdı. Bununla bağlı açıqlamanı sözügedən ərazinin baş prokuroru Kristin Braunşveyq vermişdi. O bildirmişdi ki, E.Baxışla bağlı İsveçrənin Cinayət Məcəlləsinin 261-ci maddəsi ilə cinayət işi açılması üzrə proses gedir. Ölkənin Xarici İşlər Nazirliyinə müvafiq sorğu da göndərilmişdi. Həmin sorğu Sürixdə olan türkiyəli nazirin toxunulmazlıq hüququnun olub-olmadığına aydınlıq gətirmək məqsədi daşımışdı. Dünən İsveçrənin Sürix kantonunun (ərazi vahidi) prokurorluğu E.Baxış barədə diplomatik təhlükəsizliyə maliklik səbəbindən cinayət işi açmaqdan imtina edib.


Onu da deyək ki, türkiyəli nazir İsveçrənin Sürix şəhərində olarkən bildirib ki, hər yerdə, o cümlədən erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan ölkələrdə də belə bir soyqırımın olmadığını deyə bilər: "İsveçrədəyəm və bəyan edirəm ki, 1915-ci il hadisələri soyqırım olmayıb. Qoy, gəlib məni tutsunlar. Bu qanun işləmir".

Bütün xəbərlər Facebook səhifəmizdə