Böyük Britaniya hökuməti ölkə vətəndaşlarının internetdəki hərəkətlərinə nəzarətin həyata keçirilməsində hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətlərin verilməsinə dair qanun layihəsi üzərində işləyir. Bu barədə məlumatı ölkənin nüfuzlu "Qardian" nəşri yayıb.
Qəzetin internet səhifəsinə istinadən xəbər verilir ki, layihə polis və xüsusi xidmət orqanları əməkdaşlarının internetdə göndəriş edənlər və ünvanlar haqqında informasiya əldə edə bilmələrinə imkan verdiyi halda, məktubların məzmununu öyrənməyə qadağa qoyur. Bununla yanaşı, yeni qanun inzibati qurumlara vətəndaşların hansı saytlara girdiklərinə dair bilgiyə sahiblik hüququ verəcək.
Britaniyalıların telefon danışıqlarının da izlənilməsini nəzərdə tutan qanun layihəsi vətəndaşların kimə zəng etdiklərini, onlarla nə qədər söşbətləşdiklərini müəyyənləşdirməyi leqallaşdıracaq. Amma telefon danışığının məzmununa müdaxilə olunmayacaq. Yəni, bir-birilə söhbətləşən iki şəxsin fikir mübadiləsinin nədən ibarət olduğu bilinməyəcək.
Tezliklə İngiltərə parlamentinə təqdim ediləcəyi gözlənilən qanun layihəsinin tərəfdarları hesab edirlər ki, sözügedən sahədəki sərtləşdirmə ağır cinayətlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla belə sənəd siyasətçilər və ekspertlər tərəfindən ciddi etirazla qarşılanıb. Onların fikrincə, internetin konfidensiallığının təhlükədə olduğunu bildirməklə hansısa tədbirlərə əl atmaq ideyası sadə vətəndaşlara qarşı yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB