Fidel Kastro: "Rusiya SSRİ-nin nüfuzunu qaytarmaq istəyir"

Fidel Kastro: "Rusiya SSRİ-nin nüfuzunu qaytarmaq istəyir"

Rusiyanın hazırkı hakimiyyəti ölkənin SSRİ-nin dağılması ilə itirilmiş nüfuzunu bərpa etməyə çalışırlar. Bu fikir Kuba lideri Fidel Kastronun məqaləsində yer alıb. Kastro ötən illərin təcrübəsini, proseslərin dəyişmə ardıcıllıqlarını, ideya və təmaslardakı xüsusiyyətləri dəyərləndirərək, sovetlər birliyinin süqutunu və hadisələrin sonrakı axarını heç də gözlənilməz saymadığını yazıb.


Rusiya mediası xəbər verir ki, Kuba lideri məqaləsində ABŞ prezidenti Corc Buşu kəskin tənqid edib, onu SSRİ-nin dağılmasını elan edən sovet liderlərindən birinə (məqalədə adı çəkilməsə də, çox güman, bu şəxs SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovdur) oxşadıb və müqayisə müstəvisinə çıxardığı şəxsin də ünvanına xoşagəlməz ifadələr işlədib.


Kastro Buşun Vest-Poynt hərbi akademiyasının məzunları qarşısındakı çıxışında onlara dünyanın 60-dan artıq ölkəsində müharibəyə hazır olmaq əmri verdiyini xatırladıb. Vurğulayıb ki, ABŞ prezidentinin "çamadanın köməyi ilə nüvə silahının mindən birinin istifadəsinə dair qərar qəbul etməsi" yer üzündəki həyata son qoya bilərdi.


F.Kastro məqaləsini bu günlərdə Kubaya səfər edən Roma papası XVI Benediktlə görüşdən sonra qələmə alıb. Hərçənd məqalədə ali din xadimi barədə hər hansı qeydinə rast gəlinməyib. Amma o, yazısında 1998-ci ildə əvvəlki Vatikan rəhbəri II İohan Pavellə görüşməsindən bəhs edib.


"Dostluq etmək üçün eyni cür inanmaq lazım deyil", - yazan Kuba lideri vaxtilə Vatikanın nümayəndələri olmuş Hoakim Navarra Vals və digər ali rütbəli pontifiklərlə yer planetindən kənarda həyatın mövcudluğu haqqında fikir mübadiləsi apardığını diqqətə çatdırıb. Həmçinin bu günlərdə yeni astronomiya kəşfləri ilə əlaqədar baxışlarını da açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə