Tiqran Karapetyan: “Ermənistanda insanlar qorxduqları üçün mitinqlərə gəlmirlər”

Tiqran Karapetyan: “Ermənistanda insanlar qorxduqları üçün mitinqlərə gəlmirlər”

\"Bu ilin mart ayının 6-da keçiriləcək parlament seçkilərinin saxtalaşdırılacağı indidən məlumdur\". SİA-nın xəbərinə görə, bunu Ermənistan Xalq Partiyasının lideri Tiqran Karapetyan deyib. Parlament seçkilərində gücün və pulun qalib gələcəyini deyən T.Karapetyan bildirib ki, əhalinin 30 faizi seçkilərdə səs vermir, 30 faizi xaricdədir, 30 faizə qədəri isə hakim partiyanın əlindədir ki, onlar da bu səsləri əvvəlcədən alıblar.

Serj Sərkisyanın ölkə ictimaiyyətinin sorğusunda birinci yerdə qərarlaşdığına münasibət bildirən T.Karapetyan: "Əgər ölkənin 700 min pensioneri kasıbdırsa, insanlar kredit yükünün altındadırsa, kəndlərdə məhsul istehsal olunmursa, qışda donmamaq üçün min cür vasitədən istifadə olunursa, kəndlərdə içməyə belə su tapılmırsa, nəyə görə S.Sərkisyanın reputasiyası bu qədər yüksəkdir? Ermənistanda siyasət qorxu atmosferində qurulub, insanlar qorxduqları üçün mitinqlərə gəlmirlər. Onlar qorxurlar ki, mitinqlərdə kameralara tuş gələrlər, nəticədə isə, işlərini itirə bilərlər".

Onun sözlərinə görə, kim S.Sərkisyanı dəstəkləmirsə, o mənəvi cəhətdən öldürülür: " Söhbət fiziki qətldən getmir. Əgər kim hakim partiyanı, S.Sərkisyanı dəstəkləmirsə, mənəvi-psixoloji olaraq məhv edilir. Son illər ölkəni minlərlə insan tərk edib ki, onlar da rejimin siyasəti üzündən, bir parça çörək ardınca xaricə üz tutublar. Bax, həmin insanlar mənəvi olaraq öldürülmüşlərdir".


Bütün xəbərlər Facebook səhifəmizdə