Ukraynada yeni mitinq dalğası gözlənilir

Ukraynada yeni mitinq dalğası gözlənilir

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina "partiyasından olan deputat Vladimir Yaroviskiy Luqansk şəhərində keçirdiyi mətbuat konfransında tezliklə kütləvi mitinqlərin yeni dalğasının olacağını deyib. Bu barədə SİA-nın Ukrayna bürosu məlumat yayıb.

Bürodan aldığımız məlumata görə, Y.Timoşenkonun silahdaşı olan V.Yaroviskiy keçiriləcək mitinqlərin möhtəşəm olacağını belə izah edib: "Bilirsinizmi qış ayları çox soyuq keçdiyindən mitinqlərə qatılanların sayı azlıq təşkil edirdi. Yaz başlayan kimi ümummilli mitinqlərə başlayacağıq. Biz əminik ki, mitinqlər zamanı qan tökülməyəcək. Müdafiə nazirini hakimiyyət təyin etməsinə baxmayaraq ordu bizə toxunmayacaq. Belə ki, mən bu yaxınlarda bir generalla söhbət edərkən o mənə yaxşı bir söz dedi. Əgər siz 10 deyil 100-min insan olsaydınız mənim əsgərlərimdə sizin tərəfinizə keçəcəkdilər. Hesab edirəm ki, bizim başlayacağımız növbəti mitinqlər 2004-cü ildəkindən də möhtəşəm olacaq. Buna baxmayaraq biz Yuşşenkonun vəzifəyə gəlmə prosesinin təkrarlanmasını da istəmirik. Biz hazır kresloya sahib çıxmaq istəmirik. Bizə deputat seçkisində radada çoxluq yer qazanmaq kifayətdir. Biz hazırda bunun üzərində çox ciddi işləyirik".

Deputat hazırki siyasi vəziyyətdən çıxış yollarını da izah edib: "Biz əvvəlcə oliqarxların hesablarına nəzarəti gücləndirməliyik. Bilirsinizmi, bu gün iqtidar nə qədər çalışırsa da öz sponsorlarından canını qurtara bilmir".

Deputat çox qısa bir vaxtda Kiyevin mərkəzində 100 minlərlə müxalifətçinin mitinq keçirəcəyini deyərək mətbuat konfransına yekun vurub.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə