Ermənistanda jurnalistlərin həbsi adi hal alıb

Ermənistanda jurnalistlərin həbsi adi hal alıb

Ermənistanda müxalif "Haykakan jamanak" ("Erməni zamanı") qəzetinin redaktor müavinin həbsi Ermənistanda son iki günün başlıca müzakirələr mövzusuna çevrilib. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, müxalif parlament və parlamentdən kənar siyasi qüvvələr, hüquq müdafiə təşkilatları jurnalist Hayk Qevorqyanın həbs cəza tədbirini dəyişib azadlığa buraxmağı və onun tutulub saxlanması ilə bağlı qərəzsiz, ədalətli araşdırma aparmağı tələb edirlər.

Qeyd edək ki, Hayk Qevorqyan ötən cümə günü səhər işə yollanarkən, bir qrup mülki geyimli şəxslər tərəfindən evinin yanında tutularaq polis şöbəsinə aparılıb. Bir neçə saat saxlanıldıqdan sonra jurnalisti həbsxanaya göndəriblər.

Bütün gün jurnalistin yaxınları onun haqqında məlumat ala bilməyiblər. Yalnız axşam Ermənistan Polis isə bəyanatında bildirilib ki, "Haykakan jamanak" qəzetinin redaktor müavini Hayk Qevorqyanın yanvarın 13-də "Niva" markalı avtomaşınla Aşot Franqulyan adlı bir vətəndaşı vurub, ona zədələr yetirib və hadisə yerindən qaçıb. Polisin bəyanatına görə, xəsarət almış vətəndaşı yoldan keçən avtomaşınla xəstəxanaya çatdırıblar. Ermənistan hüquq müdafiəçiləri isə bunu absurd sayırlar.

Franqulyanın polisə verdiyi izahatına əsasən, jurnalist maşını geri verəndə onu vurub, sonra maşından düşüb söyüb və minib maşına hadisə yerindən qaçıb.

Məhkəmə-tibb ekspertizası Aşot Franqulyana həyatı üçün təhlükə kəsb etməyən orta ağırlıqda zərər vurulduğu qərarına gəlib. Yanvarın 20-də axtarış elan edilib və üç gündən sonra Hayk Qevorqyan tapılıb həbs olunub.

İttihamlar

Jurnalist Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham olunur: yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıq ucbatından insanın səhhətinə ağır yaxud orta ağırlıqda xəsarət yetirmək və yol-nəqliyyat hadisəsi yerini tərk etmək. "Haykakan jamanak" qəzetinin redaksiyası isə əməkdaşına qarşı irəli sürülən ittihamı əsassız hesab edir. Qəzetin baş redaktoru Nikol Paşinyanın iddia edib ki, "hadisə Ermənistan Polis rəisi Vladimir Qasparyanın əmri ilə səhnələşdirilib", Hayk Qevorqyan isə jurnalistlik fəaliyyətinə görə təqib olunur.

Paşinyan bundan iki-üç həftə əvvəl Hayk Qevorqyanın Ermənistan Polis rəisini tənqid edən iki məqalə yazdığını xatırladıb. Və "indi Vova Qasparyan jurnalistdən qisas almaq üçün belə tamaşa hazırlayıb".

Gəzetin baş redaktoru Polisin Hayk Qevorqyanı tapa bilməyib axtarış elan etdiyinə təəccüblənir: "Yanvarın 23-dən axtarışda olan Hayk Qevorqyan hər gün işə gəlib, mətbuat-konfranslarında iştirak edib, nazirliklərə gedib, axtarışda olan avtomaşını nazirliklərin qarşısında saxlayıb, dəfələrlə polis şöbəsinin yanından keçib. Polis 10 gün onu tapa bilməyib, axtarış elan edib. Bu, bizim polisin səviyyəsindən xəbər verir", - deyib Nikol Paşinyan.

Reaksiya

Müxalif Erməni Milli Konqresi, Ermənistan Helsinki Komitəsi, Helsinki Assosoasiyası, Gümri Jurnalistlər Klubu "Haykakan jamanak" qəzeti redaktor müavini Hayk Qevorqyanın istintaq müddətinə 2 ay müddətinə azadlıqdan məhrum edilməsini pisləyiblər. Jaranqutyun və Daşnaksutyun partiyaları parlament fraksiyaları jurnalistin həbs edilməsini pisləyib, Qevorqyanın vəkili müraciət etsə, onun azadlığa buraxılmasına zəmin olmağa hazır olduqlarını bildiriblər.

"Aravot" qəzetinin baş redaktoru Aram Abrahamyan polisin iddiaları son dərəcə şübhəli olduğunu bildirib. İnternet nəşrləri, bir sıra qəzet redaktorları və publisistlər daha çox jurnalistə, nəinki polisin versiyasına inandıqlarını bildiriblər.

Sosial şəbəkələrdə televiziya şirkətləri, xüsusilə vətəndaşların vergiləri hesabına fəaliyyət göstərən Ermənistan İctimai Televiziyasının jurnalist Hayk Qevorqyanın həbs olunması ilə bağlı yalnız polisin rəsmi bəyanatını yayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə