Almaniyada dəhşətli yol qəzası - 50-dən çox maşın bir-birinə dəyib

Almaniyada dəhşətli yol qəzası - 50-dən çox maşın bir-birinə dəyib

Bu gün günorta saatlarında Almaniyanın ən yüklü avtobanlarından olan və bu ölkəni qərb dövlətləri ilə birləşdirən A1 avtobanında zəncirvari yol qəzası baş verib. 50-dən çox avtomobil bir-birinə dəyib. SİA-nın Almaniya bürosunun verdiyi məlumata görə, hələlik yalnız bir nəfərin həlak olduğu bəllidir. Amma əzilib az qala metal kütləsinə çevrilmiş bix çox avtomobilin altında çoxlu sayda insanlar görünür. Hadisə yerindən polis əməkdaşı Karsten Qralletinin jurnalistlərə verdiyi açıqlamada bildirilir ki, iki ağır yaralı dərhal vertolyotla hospitala göndərilib və daha onlarla yaralı əzilmiş avtomobil qalıqlarının altından çıxarılır. Ölənlərin sayının artacağı güman edilir.

K.Qraletin: "Xilasedicilər dəmir qalıqları altından insanları çıxarmaqdadırlar. Hələ xeyli insan orda qalıb və biz onlardan hansının yaralı və ya ölmüş olduğunu deyə bilmərik "


Polisin verdiyi məlumata görə, qəzaya səbəb parlaq günəş işığı olub. Güclü yağan sulu qardan sonra Günəş çıxıb, qurumağa macal tapmayan yol isə sürüşkən olaraq qalıb. Qardan sonra təmiz səmadan maili düşən parlaq günəş şüaları sürücülərin görmə imkanlarını xeyli azaldıb. Yolu görmədiyindən avtomobilini aşıran sürücülərdən birindən sonra arxadakılar da ona çırpılaraq avtobanlarda tez-tez rast gəlinən zəncirvari qəzaya düçar olublar.


Qeyd edək ki, son vaxtlar şıltaq hava şəraiti səbəbindən Almaniya yollarında baş verən qəzaların sayı artıb. Xüsusən nəqliyyat vasitələri ilə dolu olan sürətli yollarda bu cür qəzalar təhlükəli olur. Böyük strateji əhəmiyyətə malik olan A1 avtobanı isə daim dolu olur və demək olar ki, günün bütün vaxtlarında tıxaclar yarana bilir. Üstəlik bu yolun yenidən qurulması və hərəkət xəttinin artırılması məqsədilə aparılan tikinti işləri hərəkəti xeyli çətinləşdirir. 3 ildən çoxdur ki, aparılan tikinti işlərinin ləng aparılması dəfələrlə alman mətbuatında işıqlandırılıb və tənqid olunub.


Şahin Abasov, SİA-nın Almaniyada xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə