ABŞ ordusu üçün yeni gözəgörünməz kater işlənib hazırlanıb

ABŞ ordusu üçün yeni gözəgörünməz kater işlənib hazırlanıb

Hərbi podratçı Juliet Marine Systems Amerika ordusu üçün gözəgörünməz katerin prototipini yaradıb. Bu kater GHOST ("Kabus") adlandırılıb. Yüksək sürətli gəmi suda, demək olar ki, səssiz hərəkət edir, dalğa yaratmır, qarşıdakı elektronika isə onu düşmən radarları üçün gözəgörünməz edir.

Yeni katerin yüksək sürəti ifrat kavitasiya texnologiyası hesabına təmin edilir. Bu zaman aparatın ətrafında qaza bənzər qovuq yaranır ki, bu da suyun müqavimətini heçə endirir. Şirkət öz katerini belə təsvir edir: "GHOST suya nisbətən 900 dəfə az sürtünmə yaradan süni sualtı qaz mühiti vasitəsilə uçmaq üçün işlənib hazırlanmış hava və suüstü gəmilərin birləşməsidir".

Gizmag yazır ki, gəmi üç heyət üzvü üçün nəzərdə tutulub. Səssiz işləməsi və yüksək mobilliyi ondan sərhəd qoşunlarında, gömrük xidmətində, neft platformalarına xidmət sahəsində, habelə ərazilərdə keşik çəkmək və ticarət gəmilərini quldurların hücumundan qorumaq üçün istifadə etməyə imkan verəcəkdir.

GHOST öz göyərtəsində bir neçə ton ağırlığında silah, o cümlədən Mark 48 torpedaları daşımağa və eyni zamanda bir neçə hədəfə atəş açmağa qadirdir.

JMS-də təsdiq edirlər ki, şirkət həmçinin katerin 45 metrlik versiyasını və ifrat kavitasiya texnologiyalı pilotsuz sualtı aparatın quraşdırılması sahəsində hansısa bir iri beynəlxalq müdafiə təşkilatı ilə əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə