Sarkozi: "Avropanı cənginə almış borc böhranı ilə mübarizədə hələ çox işlərin görülməlidir"
Ötən gün İspaniyaya rəsmi səfərdə olan Fransa prezidenti Nikola Sarkozi paytaxt Madriddə İspaniyanın yeni başçısı Mariano Raxoyla görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı verən Sarkozi Fransanın kredit reytinqinin bir pillə geriləməsi məsələsinə toxunub. "Standard and Poors" agentliyinin ölkəsini "AAA" kateqoriyasından "AA+" kateqoriyasına düşürməsini şərh edən fransalı dövlət başçısı belə hesabatların heç bir şeyi dəyişmədiyini vurğulayıb. Bu hesabatdan narahat olmadığını deyən Sarkozi, insanları da bu kimi göstəricilərə soyuqqanlı şəkildə yanaşmağı məsləhət bilib.
"Fransada - inanıram ki, İspaniyada da, dövlətin iqtisadi siyasətini reytinq agentlikləri müəyyən etmir. Ötən cümə bir agentlik bizi "A üçlüyündən" məhrum etdi. Bazar ertəsi başqa bir agentlik Fransanı A üçlüyündə qalacağına əmin olduğunu bildirdi. Biz bütün bunlara soyuqqanlı şəkildə, soyuq ürəklə yanaşmalıyıq", - deyə Sarkozi bildirib.
Sarkozi eyni zamanda regionun maliyyə sektorunun durumunu da şərh edib. Avropanı cənginə almış borc böhranı ilə mübarizədə hələ çox işlərin görülməli olduğunu bildirən Sarkozi, hədəfin yalnız büdcə kəsirini aradan qaldırmaq olmadığını bildirib. Onun sözlərinə görə, Avropada iqtisadi artım və rəqabətlilik təmin edilməlidir.
Xatırladaq ki, dünya ölkələrinin kredit reytinqlərini hazırlayan "Standard and Poors" agentliyinin ötən həftə dərc etdiyi son hesabatda bir sıra Avropa ölkələrini 2 kateqoriya endirməsi Avropa Birliyi ölkələrində böyük ajiotaja yol açıb. Hökumətlər böyük əhəmiyyət kəsb edən statistik göstəricilərin gələcəkdə investorların sayının azalmasına gətirəcəyindən ehtiyat edir. Qurumun Fransanın kredit reytinqini ən yüksək "AAA" göstəricisindən "AA+" pilləsinə endirməsi, kütləvi informasiya vasitələrində nadir hallarda görünən Fransanın baş naziri Françoys Fillonu belə dilə gətirmişdi. Fillon dövlətin iqtisadi siyasətinin müdafiəsinə qalxaraq, hökumətin dövlət borclarının ixtisarı və digər iqtisadi islahatların davam etdirəcəyini bildirmişdi.anspress/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB