\"The Times\" İsrailin Tehranla bağlı mümkün planlarını şərh edib

\"The Times\" İsrailin Tehranla bağlı mümkün planlarını şərh edib

Böyük Britaniyanın "The Times" qəzeti İsrail rəsmilərinin hazırladığı gizli sənədi ələ keçirib. SİA-nın xəbərinə görə, gizli sənəddə deyilir - İsrail İranın nüvə silahını bu il ərzində sınaqdan keçirəcəyini düşünür və buna qarşı cavab həmləsinə hazırlaşır. Ssenarilərin hamısı İranın nüvə silahını sınaqdan keçirməsindən sonra dövrəyə buraxılacaq siyasətə aiddir. "The Times" yazır ki, bu da İranın nüvə silahına sahib olmasını əngəlləmək üçün İsrailin hərbi əməliyyat da daxil olmaqla, əlindən gələn hər şeyi etmək siyasətindən geri çəkilmədiyini göstərir. Eyni zamanda İranın nüvə silahını sınaqdan keçirməsilə Yaxın Şərqdəki güc balansı tamamilə dəyişəcək. İsrailli rəsmilər baş verəcək dəyişiklikləri belə sıralayıb:


1. ABŞ İsrailin İrana hərbi müdaxilə variantına əl atmasına mane olmağa çalışacaq;


2. Vaşinqton bununla yanaşı, İsrailin NATO-ya üzv olması da daxil olmaqla, rəsmi müdafiə paktı təklif edəcək;


3. Rusiya bölgədə nüvə silahı ilə silahlanmanı dayandırmaq məqsədilə ABŞ-a müdafiə paktı təklif edəcək;


4. ABŞ-ın nüvə zəmanətlərini kafi hesab etməyən Səudiyyə Ərəbistanı özünün nüvə silahı proqramını inkişaf etdirəcək;


5. Misir, İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsini istədiyi halda, Türkiyə Tehranla qarşı-qarşıya gəlməkdən yayınacaq;


6. Əgər İsrail NATO-ya üzv olsa, Türkiyə təşkilatdan çıxacaq;


7. Avropa Birliyi hərbi müdaxilənin əleyhinə çıxacaq və İrana qarşı sanksiyaların sərtləşdirilməsi təklifini irəli sürəcək;


8. Çin BMT-nin İrana qarşı sanksiyalarına daxil olacaq, ancaq bunları yumşaldacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə