Ötən gün Nigeriyada ümumilli tətillərin 2-ci günü çərçivəsində on minlərlə insanın iştırakı ilə kütləvi nümayişlər keçirilib. Xarici mənbələr ölkə ərazisində azı 3 etirazçının qətlə yetirildiyini xəbər verir. Paytaxt Laqosda 10 min insanın iştirakı ilə yanacaq qiymətlərinin artımına etiraz olaraq kütləvi dinc yürüş keçirilib. Etirazçılar hökumətin apardığı son siyasəti pisləyərək, büdcədən ayrılan subsidiyaların bərpa edilməsini və yanacağın əvvəlki qiymətə satılmasını tələb edib. Tətillər əsas sənaye şəhərlərindəki həyatı iflic edib. Ölkənin aparıcı dəniz limanı işçilərin çatışmazlığı ucbatından fəaliyyətini davam etdirə bilməyib.
Nigeriyanın Kano şəhərində isə minlərlə insanın etiraz aksiyasında polis qüvvələrinin müdaxiləsi şəhərdə güclü toqquşmalara səbəb olub. Polis etirazçıları qubernator qərargahı önündən dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, havaya bir neçə dəfə atəş açmalı olub. Etirazçılar küçələrə səpələnərək iğtişaşları davam etdirib. Bir qrup gəncin 2 avtobusu yandırdığı xəbər verilir. Azğınlaşmış etirazçılar Mərkəzi Bank sədri Lamido Sanusinin evinə od vurmağa çalışsa da, polis onlara mane ola bilib.
Bununla belə etirazçılar dövlət katibliyinin binasını yandırmağa nail olub. Binaya ciddi ziyan dəyib.
Qırmızı Xaç Komitəsi toqquşmalarda azı 30 nəfərin yaralandığını, o cümlədən 18 nəfərin güllə yarası aldığını xəbər verir. Xəstəxana həkimləri isə gülllə yarası almış həmin şəxslərdən 2-nin artıq keçindiyi xəbərini yayıb. Vəziyyətə ələ almaqda çətinlik çəkən hökumət paytaxt Laqosda komendant saatı elan edib.
Qeyd edək ki, Nigeriyada vəziyyət hökumətin sərt iqtisadi islahatlar çərçivəsində yanacağa ayrılan subsidiyaların ləğv edilməsi bəyanatından sonra pisləşib. Nigeriya prezidenti Qudlak Conatan administrasiyasının göstərişi ilə hökumətin yanacağa tətbiq etdiyi subsidiyaların yanvarın 1-də bitməsindən sonra yanacağın bir litrinin qiyməti 1.70 dollardan 3.50 dollara yüksəlib. Həmkarlar ittifaqları isə buna cavab olaraq insanları ümumilli tətillərə çıxmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB