ABŞ hərbi xərclərini azaldır

ABŞ öz silahlı qüvvələrini daha effektiv etmək üçün islahatlar aparacaq və onların sayını azaldacaq. ABŞ-ın yeni müdafiə strategiyasını ölkə prezidenti Barak Obama açıqlayıb.


"Mən Pentaqon rəhbərliyindən indiki tez dəyişən dünyada öz strateji maraqlarımızı aktuallaşdırmaq üçün müdafiə strategiyamızı tamamən nəzərdən keçirməyi, yaxın on il üçün müdafiə xərcləri də daxil olmaqla, prioritetləri seçməyi xahiş etdim. Silahlı qüvvələrimizin sayı və strukturu yalnız strategiyamızdan asılı olmalıdır. Bundan əlavə, tarixin dərslərini də yaddan çıxarmamalıyıq: silahlı qüvvələrimizin gələcək münaqişələrə yaxşı hazırlıqlı olmadığı ikinci dünya müharibəsini, Vyetnam müharibəsini unutmamalıyıq. Ali baş komandan olaraq, bunun təkrarlanmasına yol verməyəcəyəm" - deyə, ABŞ prezidenti bildirib.


Yeni müdafiə strategiyasının məzmunundan danışan Barak Obama qeyd edib ki, ABŞ Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirəcək və gələcəkdə planlaşdırılan hərbi büdcənin ixtisarı bu istiqamətə aid edilməyəcək. Ehtimal olunur ki, Birləşmiş Ştatlar növbəti 10 il ərzində öz müdafiə büdcəsini 500 milyard dollara azaldacaq.


"Biz həmçinin çox mühüm əhəmiyyət daşıyan müttəfiq əlaqələrimizə və NATO kimi alyanslara yatırım qoymağa davam edəcəyik. Bu cür əməkdaşlıq forması öz effektivliyini Liviyadakı əməliyyatda göstərdi. Yaxın Şərqdə də ehtiyatı əldən verməyəcəyik" - Barak Obama belə deyib. Onun sözlərinə görə, ABŞ İraq və Əfqanıstanda da təhlükəsizliyə nəzarət etməyə davam edəcək, lakin bunu daha az sayda silahlı qüvvələrlə həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə