2011-ci il dünyanın yaddaşında qalanlar-İLİN YEKUNU

2011-ci il dünyanın yaddaşında qalanlar-İLİN YEKUNU

2011-ci il yəqin ki, dünya tarixinə inqilablar ili kimi həkk olunacaq

Qərbi istəyinə çatdıran, ərəbləri isə azadlıq adı altında fəlakətə sürükləyən xalq üsyanları. İL başlayanda gözləmədiyimiz hadisələr cərəyan etidi.

Hər nə qədər arxada qoyduğunuz köhnə ildə önəmli, yadda qalan hadisələr baş versə də, ilk ağıla gələn sözsüz ki, "Ərəb baharı"dır. 35-40 ildən sonra ərəblərə bahar gəldi. Baharın gəlişinə sevinən camaat monarxiya şaxtasını devirməyə başladı. İnqilablar dalğası Tunisdən başlayıb domino effekti ilə Misir, Yəmən, Liviyaya keçdi və daha sonra Suriyada qərar tutdu. Suriyadakı proseslər bitən kimi İranda "Ərəb payızı" başlaya bilər. Hər halda ekspertlər belə düşünür. Əvvəlcə Tunis, sonra Misir, daha sonra Liviya və Yəməndə dövlət çevrilişi baş verdi. Qərb dövlətlərinin dili ilə desək, xalq demokratiya uğrunda döyüşməyə başladı. Diktatorlar devrilib tarixə qovuşdular. Maraqlıdır ki, Tunisdə başlayan xalq etirazları tərəvəz satıcısı Məhəmməd Buazizin ölkədəki haqsızlıqlara dözməyərək özünü yandırmasından sonra start götürdü. "TAİM" jurnalı isə əvvəllər heç kimin tanımadığı tərəvəz satıcısını ilin adamı seçdi.

Qəddafi, Hüsnü Mübarək, Bin Ali və Əli Abdullah Saleh bu dörd diktator Afrikanın ən nüfuzlu simaları sayılırdılar. Doğrudur Bin Ali və Əli Abdullah Saleh ölkələrindən qaçaraq üsyançılardan birtəhər canlarını xilas edə bildilər. Amma bu "kvartet"in içində bir şəxs var idi ki, o, nəinki Afrika hətta dünya siyasətində tək-tük adamlardan idi ki, ABŞ-a əks gedə-gedə öz gücünü saxlaya bilirdi. Bəli, bu Muammər Qəddafi idi. "Ərəb baharı"nın ən ağır nəticələri məhz onun ölkəsində, Liviyada özünü göstərdi. Xalq üsyanına dirənən Qəddafi minlərlə insanın ölümünə səbəb oldu. 42 illik diktatorluğun, insan qətliamlarının bədəlini Qəddafi ağır ödədi. Ailə üzvlərini bir-bir itirən Liviya diktatoru oktyabrın 20-də elə doğulduğu şəhərdə, üsyançılar tərəfindən döyülərək, işgəncə ilə öldürüldü. Onun ölümü ilə bağlı sonradan yayımlanan videogörüntülərdə Muammər Qəddafinin cəsədinin belə təhqir olunduğu kadrlar dünyanı şoka saldı. Deyilənlərə görə, bir zamanlar onunla yaxın dost olan, elə Qəddafidən bir az öncə taxtdan düşürülən, hazırda həbsdə saxlanılan Misirin keçmiş prezidenti Hüsnü Mübarək həmin kadrları ağlayaraq izləyib.

Bəzi politoloqlar bunu israrla qeyd edirlər ki, "ərəb baharı" Liviya nefti uğrunda aparılan mübarizəni pərdələmək üçün yaradılmışdı. Hətta həmən politoloqlar buna sübut kimi NATO-nun inqilab olan başqa dövlətlərə yox, Liviyaya müdaxilə etməsini sübut kimi göstərirlər ki, bu da kifayət qədər inandırıcı sübutdur.

Suriyada isə vəziyyət getdikcə daha da gərginləşir

Bəşər Əsəd onu istəməyən xalqa və Qərbə dirəniş göstərir. İstər Türkiyənin Suriyadakı məsələlərə həssaslığı, istər Səudiyyə Ərəbistanının reaksiyaları və bir sıra tədbirləri, istərsə də Rusiyanın Suriya məsələlərinə reaksiyası belə düşünməyə əsas verir ki, "Suriya sadəcə şahmat fiqurudur. Belə nəticə çıxarmaq olar ki, Suriya və Türkiyə müvafiq olaraq ,İran-ABŞ, dolayı yolla, Rusiya-ABŞ şahmat oyununda fiqurdurlar. Siyasi ekspertlərin fikrincə, Rusiya Liviyanı ABŞ-a ona görə bağışlayıb ki, Suriyanı özündə saxlasın, amma ABŞ Suriyanın İran üçün strateji əhəmiyyətə malik olduğunu anladığından onu özününküləşdirmək üçün hər yola atır. İran isə bunun qarşılığında PKK-nı aktivləşdirməklə Bəşər Əsəd rejiminin varlığını qorumağa çalışır. Qarayılan məsələsinə diqqət yetirək. 17 Avqust 2011-ci ildə PKK-nın ikinci şəxsi Murad Qarayılanın İranda yaxalandığı xəbəri yayıldı, amma dərhal da o məlumat təkzib edildi. Məhz Türkiyəyə "PKK-nın dərmanı da zəhəri də mənim əlimdədir, özünü yaxşı apar, onu sənə verim" mesajı kimi xarakterizə oluna bilər.

Ərəb inqilabları Türkiyənin regionda daha aktiv siyasət aparmasına da zəmin yaratdı

Türkiyə indi hamı tərəfindən güclü və təsirli regional dövlət olaraq qəbul edilir. Türkiyənin dünyəvi dövlət prinsipləri ilə islami dəyərləri uyğunlaşdırmaq praktikası gənc ərəb demokratiyaları üçün çox cəlbedicidir. Region üçün model dövlətə çevrilməsi Türkiyənin mövqeyini çox gücləndirir. Türkiyə liderlərinin idealist bəyanatlar verməsi, qonşu ölkədə diktator tərəfindən "günahsız insanların öldürülməsinin artıq həmin ölkənin yalnız daxili işi olmayacağını" bəyan etməsi ondan xəbər verir ki, ölkə daxilində sabitliyi təmin etmiş Ədalət və İnkişaf Partiyası hökuməti daha qətiyyətli və daha idealist xarici siyasət həyata keçirməyə başlayır.

Türkiyənin baş naziri Ərdoğanın Misirdə xüsusi hörmətlə qarşılanması, bütövlükdə ərəb dünyasında hər kəsdən populyar olması onu təsdiq edir ki, Ankara ərəb inqilabları zamanı rejimləri deyil, xalqları dəstəkləməkdə tam doğru edib.

18 oktyabr səhərini isə Türkiyə qara xəbərlə açdı. Türkiyənin Çuxurca bölgəsində PKK terrorçularının qəfil basqını nəticəsində Silahlı Qüvvələr ağır itkiyə məruz qaldı. Əsasən qrantomyotlarla silahlanan terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələri 26 şəhid verdi, 22 əsgər də yaralandı. Sonradan açıqlanan məlumatlarda qeyd olunurdu ki, xain basqını 200 nəfərlik PKK qrupu həyata keçirib.

Ərəb inqilabları qonşu Rusiyaya da güclü təsir etdi

Əvvəla, Qəddafi və Əsəd kimi qeyri-populyar, dünya xalqlarının əksəriyyətinin nifrət etdiyi diktatorları qorumağa edilən uğursuz cəhdlər qonşu dövlətin imicinəzərər vurdu. Rusiyanın özünün də demokratiya ilə bağlı ciddi problemləri olduğunu dünyanın yadına saldı. İkincisi, Ərəb inqilabları Rusiyanın özündə də modernləşmə və demokratikləşmə tərəfdarlarının mövqeyini gücləndirdi. Rus xalqının da demokratikləşməyə ümidini artırdı. Rusiya elitasında belə demokratikləşmənin alternativinin olmadığı, Qəddafilərlə, Əsədlərlə, Lukaşenkolarla və bu qəbildən olan başqa orta əsr təfəkkürlü liderlərlə uzağa getməyin qeyri-mümkünlüyü fikri möhkəmləndi.

Ərəb inqilablarından sonra Rusiyanın özünün də gələcəyinin Avropaya inteqrasiyadan, demokratikləşmədən asılı olduğunu açıq şəkildə deyən siyasət və elm adamlarının sayı xeyli artıb

Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərindən sonra gözlənilməz hadisələr baş verdi. Seçkilərin saxtalaşdırılmasını iddia edən müxalifət tərəfdarları buna etiraz olaraq Moskvanın mərkəzində ötən əsrin 90-cı illərin əvvəllərindən bu yana görünməyən miqyasda etiraz aksiyasına çıxdılar. Polislə güclü toqquşmalar baş verdi, yüzlərlə nümayişçi saxlanıldı. Etirazlar ölkənin bir çox əyalətlərində keşirildi.

ABŞ-dan isə prezident Barak Obama və dövlət katibi Hillari Klinton Rusiyadakı seçkilərə dair kəskin bəyanatlar verdilər. Nüfuzlu respublikaçı senator Con Makkeyn isə Rusiyadakı seçkilər barədə öz Twitter bloqunda bunları yazdı: "Əziz Vlad, hazırlaş. "Ərəb baharı\" sizin ətrafınıza yaxınlaşır\".

Analitiklərə görə, Putinin yenidən hakimiyyət başına qayıtmaq qərarını açıqlamasından sonra hakimiyyətdən narazılıq kəskin artıb.

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov parlament seçkilərinin nəticələrinin ləğv edilməli və yeni seçkilər keçirilməli olduğunu söyləyib. Qorbaçov bildirib ki, Rusiya rəhbərliyi müxtəlif fırıldaq və kütləvi saxtakarlıq hallarının olduğunu başa düşmək və nəticələrin xalqın iradəsini əks etdirmədiyini qəbul etmək məcburiyyətindədir.

Kreml etiraf etməsə də, ekspertlər Rusiyanın hakim elitasında çatlar yarandığını söyləyirlər. "Ərəb baharı"ndan sonra "Rus qışı"nın gələcəyi ehtimal olunur.

Etiraz aksiyaları okeanın o tayına da gedib çıxıb

Avqustun 17-dən başlayan, ABŞ-da vüsət alan ""Wall Street"i işğal et!" aksiyaları xəzinəyə 13 milyon dollar ziyan vurub.


Ən bahalı aksiyalar polislə bir neçə dəfə qarşıdurma yaşanmış Oklenddə keçirilib. Bu aksiyalar isə 2,4 milyon dollara başa gəlib.

Amerika polisi Kaliforniya ştatındakı "Ouklendi işğal et" və Oreqon ştatındakı "Portlendi işğal et" hərəkatlarının düşərgələrini dağıdıb.

Kaliforniya Universitetinin ətrafında toplaşan bir qrup etirazçı yeni "Kaliforniyanı işğal et" düşərgəsi qurmağa çalışıb. Universitetin tələbə birlikləri və universitet işçilərinin həmkarlar ittifaqları düşərgə tətilinə və yürüşə çağırıb.

Nyu-York ştatında \"Uoll Striti işğal et\" hərəkatının növbəti icazəsiz etiraz aksiyaları dekabr ayının ortalarında başlayıb. Ölkə siyasətini bəyənməyən fəallar sentyabr ayının 17-də başlayan hərəkatın 3-cü ayını qeyd etmək üçün Nyu-York şəhərinin Manhetten rayonuna yığışıblar.


Qadağan olunmuş şəxsi ərazilərə girməyə çalışan 50-dən çox adam həbs edilib.

ABŞ-ın uzun müddətdir ki, ələ keçirmək istədiyi "Əl-Qaidə" lideri Usamə bin Laden öldürülməsi dünyanın əsas xəbər mövzusuna çevrildi

Dünyanın "1 nömrəli" terrorçusu, "əl-Qaidə" lideri Üsamə bin Laden 11 sentyabr terror hücumlarından 10 ilə yaxın bir müddət keçdiyi bir vaxtda məhv edildi.

Mayın 1-nə keçən gecə Əfqanıstandakı Amerika hərbi bazasından havaya qalxan dörd vertolyot və bir qrup dəniz piyadası əməliyyata başlayıb. Binaya vertolyotlardan güclü raket zərbələri endirilib, bu zaman evdən açılan atəş nəticəsində vertolyotlardan biri xəsarət alaraq məcburi eniş həyata keçirib. Hava zərbələrinin ardınca xüsusi təyinatlılar binaya daxil olaraq bin Ladenin mühafizəçiləri ilə atışmaya giriblər. O, təslim olmaqdan imtina edib və atışma zamanı öldürülüb. Əməliyyat cəmi 40 dəqiqə çəkib. Bin Ladenin xüsusi sifarişi ilə tikildiyi güman edilən ev lüks şəraitli olub və Pakistan ordusunun Hərbi Akademiyasının, habelə polis idarəsinin cəmi 250 metrliyində yerləşib. Bin Ladenin cəsədi vertolyotla Əfqanıstandakı Amerika hərbi bazalarından birinə aparılıb. Terrorçunun iki arvadı yaralı tutulub, bir oğlu öldürülüb, özünün cəsədini isə dənizə atıblar

Bölgədə baş verənlər qonşu İrandan da təsirsiz ötüşmür

Əvvəllər olduğu kimi bu dəfə də dəyişiklik küləkləri İrana Cənubi Azərbaycandan gəlib. Avqustun 27-dən başlayaraq Təbriz, Urmiya, Ərdəbil və başqa Cənubi Azərbaycan şəhərlərində soydaşlarımız öz haqları uğrunda dinc mübarizəyə qalxıblar. Keçmiş illərdən fərqli olaraq indi dünya da onların mübarizəsini görməzliyə vurmur. Müasir dünyada assimilyasiya siyasətinin perspektvi yoxdur. İndi artıq kiçik etnik qrupların, azsaylı xalqların da haqları təmin edilir. Belə bir zamanda sayı 10 milyonlarla hesablanan cənublu soydaşlarımızın da öz haqlarına qovuşması labüddür və sadəcə zaman məsələsidir.

İrana təzyiqlərin artdığı bir zamanda ölkənin paytaxtında Böyük Britaniya Səfirliyinə hücum edildi. Rəsmi Londonun İranın nüvə proqramına yönəlik sanksiyalarına etiraz edən və Böyük Britaniya Səfirliyini ölkəni tərk etməsini istəyən iranlı tələbələr isə noyabrın 29-da Tehrandakı ingilis səfirliyinə hücum etdilər.

Səfirliyə hücum, İran Parlamentinin İngiltərə ilə diplomatik əlaqələrin aşağı səviyyəyə endirməsi və İngiltərənin Tehrandakı səfiri Dominik Jon Hilkottu iki həftə ərzində ölkədən deportasiya etməsi haqqında qərarı verməsindən sonra baş verdi.

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsi də 2011-ci ilin qalmaqallı hadisəsi kimi yadda qalıb

11 oktyabr Kiyevin Peçersk rayon məhkəməsində sabiq baş nazirə hökm oxunub, o, 7 il həbs cəzasına məhkum edilib. Hakim Rodion Kireyev Yuliya Timoşenkonu 2009-cu ildə Rusiya ilə qaz razılaşmalarının əldə olunması zamanı səlahiyyətlərini aşmaqda günahkar hesab edib. Hakim həmçinin prokurorluğun Yuliya Timoşenkonun öz addımları ilə hökumətə yarım milyard qriven zərər vurduğu ilə bağlı ittihamı ilə də razılaşıb. Hökmün oxunmasından əvvəl Yuliya Timoşenko bəyan edib ki, heç kim, nə Yanukoviç, nə də Kireyev onun şərəfli adını ləkələyə bilməz və o, Ukraynanın yaxşılığı üçün işləyib, işləyir və bunun üçün işləyəcək.

"Apple" şirkətinin qurucusu və sabiq baş direktoru Stiv Cobsın vəfatı da dünyanın diqqət mərkəzində olub

Oktyabrın 6-da dünyasını dəyişən 56 yaşlı məşhur iş adamı xərçəngdən əziyyət çəkirdi.

"Apple" informasiya texnologiyaları üzrə ən nəhəng şirkətdir. Texnologiyalar dünyansına "iPhone", "iPad", "iPod", "iMac", "iTunes" kimi yeniliklər gətirən Stiv Cobs 1976-cı ildə dostu ilə birlikdə "Apple" şirkətini qurmuşdu. Onun bazar kapitalı 300 milyard dollardır.

Azərbaycan dilində alma mənasını verən Apple haqda danışanda belə deyirlər: dünyanı 3 alma dəyişdirib- Həvva və Adəmin yediyi alma, Nyutonun başına düşən alma və Stiv Cobsun alması.

Ümid edək ki, yeni ildə dünya düzənində baharlar və qışlar vaxtında gələcək.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com