Almazbek Atambayev: "Qırğızıstandakı ABŞ aviabazası bağlanmalıdır"

Almazbek Atambayev: "Qırğızıstandakı ABŞ aviabazası bağlanmalıdır"

Qırğızıstanın yeni prezidenti Almazbek Atambayev ilk mətbuat konfransında bir sıra mühüm bəyanatlarla çıxış edib. Almazbek Atambayev bildirib ki, Rusiya Qırğızıstanın əsas strateji müttəfiqi olaraq qalsa da, artıq 4 ildir ölkə ərazisində hərbi obyektlərin icarəsi haqqını ödəmir. "2007-ci ildən bəri Rusiya öz hərbi obyektlərinə görə Qırğızıstana heç nə ödəməyib." - Atambayev belə deyib. Qeyd edək ki, Qırğızıstanda Rusiyanın 4 hərbi obyekti, eləcə də Kant şəhərində bir aviabazası yerləşir.


Ölkədəki ABŞ hərbi bazasına gəldikdə isə Almazbek Atambayev onun mövcudluğunun Qırğızıstan üçün təhlükə törətdiyini və bağlanmalı olduğunu hesab edir. Onun sözlərinə görə, paytaxt Bişkekin "Manas" hava limanında ABŞ hərbi bazasının mövcudluğu ilə əlaqədar Qırğızıstan İran tərəfdən zərbəyə məruz qala bilər. "Biz "Manas" hava limanının sırf mülki aeroport olmasını istəyirik." - Qırğızıstan prezidenti belə deyib. Almazbek Atambayev bildirib ki, ABŞ tərəfinə Bişkekdəki Pentaqon bazasını 2014-cü ildə sazişin bitmə müddətinədək bağlanmasına dair xəbərdarlıq edib. "Ya amerikalılar 2014-cü ilədək "Manas"dan çıxırlar, ya da Rusiya, yaxud digər ölkələrlə birgə mülki daşımalar mərkəzi yaradırlar." - sitatın sonu. Almazbek Atambayev həmçinin bu qərarın Rusiyanın təzyiqi altında verildiyi iddialarını təkzib edib.


Qeyd edək ki, "Manas" hava limanında yerləşən və Pentaqon Tranzit Daşımalar Mərkəzi adlanan Amerika aviabazası 2001-ci ildə yaradılıb. Aviabaza Əfqanıstanda "Sarsılmaz azadlıq" əməliyyatında iştirak edən təyyarələrin havadan yanacaq doldurmaları həcminin 30 faizini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə