Misirdə qadının soyundurularaq döyülməsi ölkə qadınlarının hiddətinə səbəb olub

Misirdə qadının soyundurularaq döyülməsi ölkə qadınlarının hiddətinə səbəb olub
Misirdə baş vermiş kütləvi iğtişaşlar zamanı etirazçı qadının soyundurularaq döyülməsi ölkə qadınların hiddətinə səbəb olub. SİA-nın verdiyi məlumata görə, ötən gün hərbçilərin mənfur hərəkətindən qıcıqlanmış 10 minə yaxın misirli qadın paytaxt Qahirənin mərkəzi Təhrir meydanına kütləvi dinc yürüş keçirib. Bu qədər qadının ayağa qalxmasına təsir etmiş görüntüdə isə hərbçilərdən biri başı örtüklü qadın etirazçını yerə yıxaraq üst geyimini soyunduraraq, hər iki ayağı ilə vəhşicəsinə qadının qarın nahiyəsinə təpik vurub.

Hərbi Şura hadisədən bir qədər sonra qadından üzr istəyib və günahkarların məsuliyyətə cəlb olunacağını vəd etsə də, generalların üzrxahlığı qadınların qəzəbini sakitləşdirə bilməyib. Kənardan təhlükəsizlik qüvvələrinin müdaxiləsini əngəlləmək məqsədilə kişilər yürüş keçirən qadınları qoruyucu canlı halqaya alıb. Əllərində "Bizi qorumaq əvəzinə, soyundururlar" kimi yazılar həkk olunmuş plakatlar yelləyən qadınlar, hüquqlarının qorunmasına dair müxtəlif şüarlar səsləndirib, hakimiyyəti əldə saxlayan Hərbi Şuranı dərhal istefa verməyə çağırıb. Bəzi qadınlar əllərində etirazlar zamanı qadınlara əl qaldırmış hərbçilərin şəkillərini saxlayıb.

"Şərqli kişinin əsas özəlliyi ondan ibarətdir ki, o, daima həyat yoldaşının, anasının, qızının və bacısının təhlükəsizliyini hər şeydən üstün tutur. Ölkədə baş verən son hadisələr misirli kişilərin qəlbini yandırıb yaxmaya bilməz", - deyə etirazçı qadın Nəvarə Neym bildirib.

Dünənki etiraz aksiyası Misirdə son illərin qadınların iştirakı baş vermiş ən kütləvi nümayişi kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə