Medvedev parlament seçkisinin ədalətli və demokratik keçdiyini deyib

Medvedev parlament seçkisinin ədalətli və demokratik keçdiyini deyib

Rusiya prezidenti Dmitri Medvedev ötən gün jurnalistlərə verdiyi müsahibəsində parlament seçkisinin ədalətli və demokratik keçdiyini deyib. Medvedev, eyni zamanda, Putinin "Vahid Partiyası"nın parlamentin aşağı palatasında çoxluğu əldə saxlamaq üçün hakimiyyət tərəfindən güc tətbiq edilməsi faktını təkzib edib. Prezident onu da qeyd edib ki, seçkinin nəticəsi partiyanın son bir neçə ildə inkişafının məntiqi sonluğudur.


"Bu, faciə deyil. Əksinə, layiqli nəticədir" - deyə Medvedev bildirib.


Baş nazir Vladimir Putin isə bildirib ki, onun partiyası ölkənin siyasi davamlılığında vacib rol oynayıb: "Partiyanın uğurları, təkcə, hökumət üçün deyil, eyni zamanda, ölkə üçün də əhəmiyyətlidir. Partiyamız seçkidə yenidən üstünlüyü ələ alıb. Bu bizim dayanmadan və dinamik çalışmağımıza stimul verəcək".


Kommunist Partiyasının sədri Gennadi Züqanov isə bildirib ki, Vahid Rusiya Partiyasının seçkidə səs itirməsi partiyanın nəinki məğlub olması, hətta parçalanması deməkdir.


Seçkinin ilkin nəticələrinə görə, Putinin Vahid Rusiya partiyasının parlamentdə yer sayına görə xeyli geriləməsi müşahidə olunub. Bu isə son 12 ildə xalqla sıx əlaqələr quran Putin üçün utancverici hal hesab olunur.


Bəzi müxalifət liderləri isə bildiriblər ki, hətta səslərin 50 faizi Vahid Rusiya partiyası üçün şişirdilmiş rəqəmdir. Beynəlxalq müşahidəçilər də seçkinin saxtalaşdırılması ilə bağlı müxalifətlə eyni fikirdədirlər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının monitorinqinə əsasən, bazar günü keçirilən seçki ədalətsiz keçirilib və siyasi rəqabət hökumət tərəfindən məhdudlaşdırılıb. Müşahidəçilər bildiriblər ki, seçki gedişi zamanı seçki qutularına əlavə səs atmaları kimi qanun pozuntuları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə