BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı iclas keçirəcək

BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyətlə bağlı iclas keçirəcək
BMT-nin İnsan Haqları Şurası Suriyadakı vəziyyəti müzakirə etmək üçün bu gün Cenevrədə fövqəladə iclas keçirəcək. Şura Suriyada zorakılığa son qoyulması üçün bu ölkəyə qarşı təzyiqləri artırmağa çalışır. BMT rəsmilərinin sözlərinə görə, onlar Suriyada vəziyyətin vətəndaş müharibəsinə doğru inkişaf etdiyindən ehtiyatlanırlar. Hər gün ordunun daha çox hərbçisinin müxalifət hərəkatına qoşulması bu narahatlığı artırıb. Cenevrə toplantısında Avropa ölkələri və ABŞ-la yanaşı, ərəb dövlətlərinin də Suriyada insanlığa qarşı cinayətlərə son qoyulması üzrə tədbirlərin görülməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyi gözlənilir. BMT -nin İnsan haqları üzrə komissarı Neyvi Pileyin son açıqlamasına görə, Suriyada martın ortalarında anti-hökumət nümayişlərinin başlamasından bəri ölənlərin sayı 4000-i keçib. O, Suriyanın vətəndaş müharibəsinin astanasında olduğunu da xəbərdarlıq edib. Suriya hökuməti isə silahlı qruplaşmalara qarşı mübarizə apardığını bəyan edib. Suriyanın əsas müxalifət böloku olan Suriya Milli Şurası və ordunu tərk edərək Azad Suriya Ordusu hərəkatı yaradan əsgərlər isə prezident Bəşər Əsədə qarşı birgə addımlar atmaq razılığına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə