Fransa, Türkiyə - Suriya

Ərəb Liqasının Suriyada nümayişlər zamanı yol verilən zorakılığa qarşılıq olaraq bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra prezident Bəşər Əsədin vaxtı daralır. Fransanın xarici işlər naziri Alen Jüpe Suriya hökumətinin təcrid olunduğuna görə sayılı günlərinin qaldığını bildirib: \"Təəssüf ki, hadisələr ləng inkişaf edir, lakin kifayət qədər siyasi çəkiyə malik olan Ərəb Liqasının qərar verdiyi sanksiyalar Suriya hökumətini bir az da təcrid edəcək\".

Bu arada Ərəb Liqası Suriyaya qarşı iqtisadi sanksiyaların tətbiqinə dair qərar verdikdən sonra, Türkiyədə də Suriyaya qarşı sanksiyalar mövzusunda iclas keçirilib. Xarici işlər nazirinin iqamətgahında baş tutan iclasda Türkiyə baş nazirinin köməkçisi Əli Babacan, xarici işlər naziri Əhməd Davudoğlu, iqtisadiyyat naziri Zəfər Çağlayan, nəqliyyat, dənizçilik və informasiya naziri, gömrük və ticarət, daxili işlər, enerji və təbii sərvətlər nazirləri iştirak ediblər. İclas mətbuat üçün qapalı keçirilib.

Suriya xarici işlər naziri Valid əl-Müəllim paytaxt Dəməşqdə keçirdiyi mətbuat konfransında ölkədə baş verən kütləvi zorakılığın arxasında silahlı qruplaşmaların durduğunu bəyan edib. Mətbuat konfrasında silahlı qruplaşmalar tərəfindən qətlə yetirilmiş insanların videogörüntülərini göstərən nazir qeyd edib ki, Ərəb Dövlətləri Liqasının Suriya ordusunun ünvanına yönəlmiş iddialar yanlışdır. Əl-Müəllim ordunun məhz Suriya xalqını qoruduğunu vurğulayıb.

Suriya həmçinin Rusiya istehsalı olan "Skad" raketlərini Türkiyəyə qarşı yönəldib. Raket qurğuları Türkiyə və İraq sərhədi yaxınlığındakı Qamışlı və Ayn-Divar rayonlarında yerləşdirilib. Bütün bunlar Türkiyənin Suriya hökumətinin qan tökməsinə qarşı çıxması fonunda baş verir. Rəsmi Dəməşq Ankaranın silahlı Suriya müxalifətini dəstəklədiyini də iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə