Ərəb Liqası Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək

Ərəb Liqası Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək

Suriyada baş verən toqquşmalarda 50-dən çox adam ölüb. "France-Presse" agentliyinin verdiyi xəbərə görə, bu barədə Suriya hüquq-müdafiə təşkilatı "Syrian Observatory for Human Rights" məlumat yayıb. Ərəb Liqası isə Suriyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək.


Ölənlərdən 23-ü Suriya təhlükəsizlik orqanlarının əməkdaşlarıdır. Xatırladaq ki, Suriyada bu ilin mart ayında Bəşər Əsəd rejiminə qarşı üsyan başlayıb. Ölkədə indiyədək baş verən toqquşmalarda 3500-dən çox adam ölüb. Rusiya isə Suriyaya "S-300" zenit raket kompleksləri göndərib. Suriyaya göndərilən Rusiya hərbi gəmilərinin göyərtəsində hərbi müşavirlər də olub. Onlar Bəşər Əsəd rejiminə göndərilən S-300 zenit raket əleyhinə komplekslərin işlədilməsində suriyalılara yardım etməlidir. Onların hərəkət zonalarına NATO-nun İncirlik və Neqevadakı Amerika radar sistemləri də daxildir. Xatırladaq ki, bir müddət əvvəl Aşarq Al-Aşsat qəzeti yazmışdı ki, İraqlı Moktad əs-Sədrin "Mahdi Ordusu" milis bölməsi Suriyaya göndərilib. Hərbçilər Bəşər Əsədə nümayişləri dağıtmağa kömək etməli idilər. Ərəb Liqası isə beynəlxalq müşahidəçilərin Suriyaya gəlməsinə icazə verən protokolun imzalanması üçün bu ölkənin rəhbərliyinə bu gün saat 15-dək vaxt vermişdi. Bu müddətin başa çatmasınadək sözügedən protokol imzalanmayıb. Ona görə də Ərəb Liqası Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək. Bu barədə Liqadakı Misir nümayəndəsi Əfifi Əbdül Vahab məlumat verib. Sanksiyalar Suriyaya kommersiya uçuşlarının həyata keçirilməsinin dayandırılması və Suriyanın mərkəzi bankı ilə bütün sazişlərin dondurulmasıandan ibarət olacaq. Sanksiyalara Suriyaya aid bank köçürmələrinin dondurulması və Ərəb Ölkələri Liqasının Suriyada maliyyələşdirdiyi layihələrin dayandırılması da aid edilə bilər. Suriyaya qarşı iqtisadi sanksiyaların tətbiqi Ərəb Liqasının şənbə və bazar günləri keçiriləcək iclaslarında müzakirə olunacaq. Livanın xarici işlər naziri Adnan Mənsur isə ölkəsinin Ərəb Liqasının Suriyaya qarşı istənilən sanksiyasını dəstəkləməyəcəyini bəyan edib. Ötən həftə isə Suriyanın xarici işlər naziri Valid əl-Müəllim bəyan edib ki, təklif olunan planda "icraedilməz tələblər" qoyulub və bu plan 500 nəfərlik monitorinq qrupuna Suriyanın suverenliyinə müdaxilə etmək üçün həddindən çox səlahiyyət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə