Tacikistan rusiyalı pilotu azad etdi

Tacikistan rusiyalı pilotu azad etdi
Qaçaqmalçılıq, sərhəddi qeyri-qanuni keçmə və uçuş qaydalarını pozmaqda günahlandırılaraq 8,5 il müddətinə azadlıqdan məhrum edilən şəxsləri azadlığa buraxdılar. SİA-nın verdiyi məlumata görə, Tacikistan məhkəməsi rusiyalı pilot Vladimir Sadovniçiy və onun estoniyalı həmkarı Aleksey Rudenkoya qarşı çıxarılan məhkəmə qərarına dəyişiklik edib.

Həmin pilotların hər biri qaçaqmalçılıq və Tacikistan sərhəddini qeyri-qanuni keçdiklərinə görə, 8,5 il müddətinə həbs edilmişdi. Ancaq bu qərardan sonra onlar elə məhkəmə zalındaca azadlığa buraxılıb. Onların idarə etdiyi "AN-72" təyyarə isə hələ də əyani sübut kimi Tacikistanda saxlanılır. Məlumata görə, ölkənin Xatlon vilayətinin Kassasiya Məhkəməsinin Kollegiyasına müvafiq qərarı çıxarmaq üçün düz 4 saat tələb olunub. Əvvəlcə məhkəmə bu müddəti 2 il yarıma qədər azaltmağı tələb etsə də, sonradan artıq onların 6 ay müddətində həbsdə olmaları və yenicə verilmiş amnistiya qərarı nəzərə alınaraq, pilotları məhkəmə zalından azadlığa buraxıb. Qeyd edək ki, bu ilin noyabr ayının 8-də Tacikistanda məhkəmənin qərarı ilə rusiyalı pilot Vladimir Sadovniçiy və onun estoniyalı həmkarı Aleksey Rudenko 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar qaçaqmalçılıq, sərhəddi qeyri-qanuni keçmə və uçuş qaydalarını pozmaqda günahlandırılırdı. Vladimir Sadovniçiy və Aleksey Rudenko heyətlə bərabər mart ayında Tacikistan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə