Ukraynanın Avropa İttifaqına üzv olmasına nə mane olur?

Ukraynanın Avropa İttifaqına üzv olmasına nə mane olur?

Avropa İttifaqının (Aİ) Ukrayna elçisi Joze Manuel Pintu Teyşeyra "Amerikanın Səsi"-nə verdiyi müsahibəsində bildirib ki, Avropa Kiyevin Aİ-a üzvlüyünü təqdim etməyə hazır deyil. Kiyev ilin sonunadək Brüsseldə bağlanmalı olan siyasi assosasiya haqqında müqaviləyə ümid bəsləyir. Hansı ki, bu müqavilədə Azad Ticarət zonası barədə məsələyə baxılacaq. Lakin Aİ-nin Ukrayna təmsilçisi bu müqavilənin də bağlanacağının şübhə altında olduğunu bildirib. Avropa rəsmisi bunu eks-baş nazir Yuliya Timoşenkonun həbsi ilə əlaqələndirib: "Doğrudan da bu gün danışıqları tamamlamaq olmur. Ukrayna bizim verə biləcəyimizdən daha artıq şey tələb edir. Bu gün Kiyev Avropa İttifaqına üzvlüyünün perspektivlərini görmək istəyir. Biz bunu yalnız o dövlətlərə edə bilərik ki, onlar bizim dəyərlərimizə hörmət etsin və inkişaf yolunda olsunlar. Əgər Ukrayna da bu yolla getmək istəyirsə bizim bir çox dəyərlərimizə hörmət etməlidir. Hansı ki, bura qanunların aliliyi, insan və söz azadlığı, xüsusən də ədalətli məhkəmələrin olması daxildir. Təəssüf ki, biz bunları Ukraynada görmürük. Bir çox hallar, o cümlədən Y.Timoşenko məsələsi Aİ ilə Ukrayna arasında bağlanan müqavilələr üçün bir növ səddir. Bu gün Timoşenko Stalin və Xruşov qanunları ilə mühakimə olunur. Bu Avropa dəyərlərinə uyğun gəlmir. Əgər Ukrayna Avropa ailəsinin üzvü olmaq istəyirsə bizim dəyərlərə hörmət etməlidir. Biz Ukraynaya heç bir məhdudiyyət qoymuruq və bunu heç bir Avropa ailəsinə üzv olan ölkələrə də qoymamışıq".

Avropa elçisi bağlanacaq müqavilənin Kiyev üçün bir şans olduğunu deyərək bildirib ki, onlar öz siyasi sistemində reformalar apararaq postsovet siyasətindən Qərb dəyərlərinə doğru getməlidirlər: "Ukraynanın dövlət başçısı gözəl başa düşür ki, assosasiya haqqında müqavilə bağlanmaqla onlara hansı qapılar açılacaq və nə etmək lazımdır ki, Aİ-a üzvlüyün perspektivləri açılsın".


Əlmaniz Ələkbərli, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə