Avropa Yunanıstana qarşı: Afina avrozonada qalıb-qalmamasına qərar verməlidir

Avropa Yunanıstana qarşı: Afina avrozonada qalıb-qalmamasına qərar verməlidir

Bu gün Fransanın Kann şəhərində Böyük 20-lik ölkələrinin sammiti öz işinə başlayır. Zirvə toplantısından bir gün əvvəl Yunanıstandakı böhrana həsr olunmuş mini-sammit keçirilib.


Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Anqela Merkel Yunanıstanın baş naziri Yorqos Papandreu ilə bir araya gəliblər. Sarkozi və Merkel Yunanıstan hökumətinin referendum keçirmək qərarını alqışlayıb, bu prosesi daha da tezləşdirərək, dekabrın ikinci yarısına kimi yekunlaşdırmağa çağırıblar. Onlar Papandreunu Yunanıstanda maliyyə dəstəyi ilə bağlı Avropa planına dair referendumu bu ilin sonunadək keçirməyə razı sala biliblər. Yunanıstanın baş naziri referendumun təxmini vaxtı kimi dekabrın 4-ü, yaxud 5-ni göstərib.


Bununla belə, liderlər referendumun nəticələrindən asılı olmayaraq, Yunanıstanın Avropa Birliyi ilə razılaşdırılmış, sərt iqtisadi islahatları nəzərdə tutan siyasi kursdan yayınmayacağına inandıqlarını bildiriblər. \"Avropa və Beynəlxalq Valyuta Fondu, Yunanıstan 26 oktyabr tarixli razılaşma paketini tam şəkildə qəbul etməyincə və referendumun hələlik qeyri-müəyyən olan nəticələri məlum olmayınca, bu ölkəyə 6-cı tranşın köçürülməsini həyata keçirməyəcək\" - Fransa prezidenti belə deyib.


Yalnız referendumun nəticələri elan edildikdən sonra Yunanıstana kredit tranşlarının verilməsinə dair dondurulmuş əməliyyatlar bərpa ediləcək. Almaniya kansleri Angela Merkel vurğulayıb ki, referendumda əsasən, Yunanıstanın avrozonada qalmaq istəyib-istəmədiyi müəyyənləşdiriləcək. \"Avro güclü və stabil valyuta olaraq qalmalıdır. Əlbəttə ki, biz buna Yunanıstan olmadan yox, Yunanıstanın iştirakı ilə nail olmaq istərdik. Lakin bizim əsas məqsədimiz avronu güclü valyuta olaraq saxlamaqdan ibarətdir\" - deyə, Angela Merkel bildirib.


Ekspertlər qeyd edirlər ki, Avropa ölkələrinin liderləri olduqca qətiyyətlidirlər. Onların fikrincə, Yorqo Papandreunun birtərəfli bəyanatı liderlərin xoşuna gəlməyib və oktybarın sonlarında keçirilən görüşün nəticələrini faktiki olaraq heçə endirib. Xatırladaq ki, həmin sammitdə avrozona ölkələrinin liderləri, bank və sığorta şirkətlərinin nümayəndələri Yunanıstanın borcunun yarısının silinməsinə dair razılıq əldə etmişdilər.


Kann sammitinə qatılan liderlər dünya iqtisadiyyatının dirçəlməsinə və dünya maliyyə bazarının sabitliyinə təsir göstərən əsas problemləri müzakirə edəcəklər. Müstəqil borc böhranı və ticarət proteksionizmi də əsas müzakirə mövzularından olacaq. Oktyabrın 14-15-də Böyük 20-lik ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün nəticəsi olaraq hazırlanmış fəaliyyət planının da müzakirəyə çıxarılacağı gözlənilir.


Kann sammiti davam edərkən təhlükəsizliyi qorumaq üçün 12 min polis və jandarma, eləcə də 1500 yanğınsöndürən cəlb edilib. Qeyd edək ki, dünya iqtisadiyyatının gəlirlərinin 85 faizini və dünya əhalisinin üçdə ikisini cəmləşdirən Böyük 20-lik ölkələri dünyanın ən mühüm iqtisadi və maliyyə əməkdaşlığı forumudur.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə