İsrail Türkiyəyə yardım edir

İsrail Türkiyədə zəlzələnin nəticələrinin ləğvi üzrə əməliyyatlara başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Təl-Əviv Ankaranın kömək üçün rəsmi müraciətindən sonra elan verib. Hələlik Türkiyənin hansı köməyi istədiyi dəqiqləşdirilmir; bu həm axtarış-xilasetmə əməliyyatları, həm də humanitar və tibbi yardım ola bilər. İsrail rəhbərliyi Türkiyənin zəlzələnin nəticələrini aradan qaldırmaqda kömək təklif etdiyi ilk ölkələrdən olub. Lakin əvvəlcə zərurət yarandıqda kömək üçün müraciət edəcəyini bəyan edən Ankara İsrailin təklifini rədd edib.

Eyni zamanda Türkiyənin Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb. 23 oktyabrda Vanda baş verən 7,2 bal gücündəki zəlzələdən sonra dağıntılar altında qalan Türkiyə vətəndaşı ilə ailəli olan azərbaycanlı qadın Vüsalə Çalışkan xilas edilib. Vüsalə bir il yarımdır Azərbaycanda oxuyarkən tanış olduğu Murat Çalışkanla ailə quraraq sentyabr ayında Türkiyəyə köçüb. Təxminən 80 saatdan çox dağıntılar altında qalan Vüsaləni xilas etmək üçün xilasedicilər 5 saat çalışıblar. Xilasedicilərin Vüsalə Çalışkanı dağıntılar altından çıxarmaq üçün məcburiyyətdən onun qolunu kəsməli olublar. Hazırda xəstəxanada həkim nəzarətindən olan azərbaycanlının vəziyyətinin normal olduğu bildirilir.

Bu arada isə Azərbaycanın Türkiyəyə göndərdiyi 40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-si gecə saatlarında Bakıdan yola düşüb. 40 iritonnajlı avtomobildən ibarət olan maşın karvanının İran ərazisindən keçməklə Türkiyəyə yetişəcəyi nəzərdə tutulub. Avtomaşınların İranla sərhəd ərazisində ləngidilməməsi və vaxtında fəlakət zonasına çatdırılması üçün artıq həmin dövlətin müvafiq qurumları ilə razılıq da əldə olunub. Yardım maşınlarında Türkiyəyə 1000 ədəd çadır, 2 min adyal, 40 ədəd transformator və 40 mətbəx ləvazimatı aparılır.

Zəlzələnin baş verdiyi ilk gündən artıq Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd adyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxinin göndərilib. Hazırda isə Azərbaycan Fövqəladə Hallar Nazirliyin 213 nəfərdən ibarət xilasediciləri Türkiyənin xilasediciləri ilə bərabər çalışır və artıq dağıntılar altından bir çox insan sağ olaraq çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə