Slovakiyada növbədənkənar seçkilər keçiriləcək

Slovakiyada növbədənkənar seçkilər keçiriləcək

Slovakiya parlamenti müxalifətin tələbini qəbul edərək, gələn ilin martında ölkədə növbədənkənar seçkilərin keçirilməsinə səs verib. SIA-nın xəbərinə görə 2014-cü ilin iyun ayında keçirilməli olan seçkilərin vaxtı 2 il 3 ay irəli çəkilib. Növbədənkənar seçkilər keçirilməsini tələb edən müxalifət yalnız bu halda Avropa Stabilləşmə Fondunun (EFSF) təxminən iki dəfə artırılmasına səs verəcəyini bildirirdi. Oktyabrın 12-də sənədi ratifikasiya edə bilməyən parlament İveta Radiçovanın başçılıq etdiyi hökumətə etimadsızlıq göstərib. Slovakiyadakı hökumət böhranı səbəbindən Avropa İttifaqının (Aİ) 17-18 oktyabrda Brüsseldə keçiriləcək sammiti oktyabrın 23-nə təxirə salınıb. Çünki Slovakiya EFSF-nin artırılmasını ratifikasiya etməyən sonuncu Aİ ölkəsi idi.

Tələbi qəbul edildikdən sonra müxalif deputatlar sənədin ratifikasiyasına mane olmaqdan vaz keçib və "avrozonanın xilası planı" adlandırılan məsələnin lehinə səs verib. Beləliklə, avrozonaya daxil olan 17 ölkənin hamısı EFSF-nin 440 mlrd. avrodan 770 mlrd. avroya artırılmasını ratifikasiya etmiş olub. Əgər bu addım atılmasa, Yunanıstanın dövlət borcu üzrə defoltu qaçılmaz olacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə