Solçularin lideri istefaya gedir
Polşanın "Sol Demokratlar İttifaqı Gücləri" partiyasının rəhbəri Qjeqoj Neperalski təşkilat rəhbərliyindən istefa verəcəyini bəyan edib. Belə ki, o, bu qərara Polşa seymindəki məğlubiyyətindən sonra gəlib. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Nepalski partiya strukturunun da tamamilə dəyişdirilməsinin tərəfdarı olduğunu açıqlayıb. Siyasi təşkilat sədri bildirib ki, bunun üçün növbədənkənar qurultay keçirmək lazımdır. Həmin qurultayda isə onun özü namizədliyini verməyəcəyini deyib.
Qeyd edək ki, Polşa seyminin aşağı palatasına olan seçkilərdə ciddi məğlubiyyətlə üzləşən partiya birləşdiyi fraksiyada ən azsaylı nümayəndələri ilə fəaliyyət göstərəcək. Belə ki, bu seçkilərdə siyasi təşkilatı seçicilərin sadəcə 8,19 faizi dəstəkləyib. Naperalski məğlubiyyətinin əsas səbəbini düzgün təbliğat qurmamaqda və KİV-də işıqlandırılmamaqda gördüyünü açıqlayıb.
Onu da xatırladaq ki, adıçəkilən siyasi təşkilat "Əmək İttifaqı" partiyası ilə koalisiya quraraq, 2001-ci ildəki seçkilərdə 41 faiz səs toplayaraq hakimiyyətə yiyələnməyi bacarmışdı. Lakin dörd il sonra-ciddi korrupsiya ittihamlarından sonra yaranan siyasi qalmaqallardan dolayı hər iki partiya iqtidardan getməyə məcbur qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə