Hüsnü Mübarəkin növbəti məhkəməsi kütləvi qarşıdurmalarla müşahidə olunub

Hüsnü Mübarəkin növbəti məhkəməsi kütləvi qarşıdurmalarla müşahidə olunub
Misirin eks-prezidenti Hüsnü Mübarəkin Qahirədə keçirilən növbəti məhkəməsi kütləvi qarşıdurmalarla müşahidə olunub. Polis bunun qarşısını almaqdan ötrü Mübarəkin tərəfdarları ilə əlehdarlarına qarşı var qüvvəsini ortaya qoyub. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, hazırda dörd nəfər silahlı hüquq mühafizəçiləri tərəfindən saxlanılıb.
Bu gün eks-prezidentin sayca üçüncü məhkəmə dinlənilməsi keçirilib. Dinlənilmədə bu ilin yanvar ayında mitinq iştirakçılarına atəş açılması məsələsi qaldırılıb və şahidlər dindirilib. Bir ay öncə olduğu kimi, bu dəfə də Qahirə məhkəməsinin qarşısında insanlar arasında kütləvi toqquşma baş verib. Yüzlərlə insan Mübarəkin edamını tələb edərək şüarlar səsləndiriblər. Qarşı tərəfdə isə Mübarək tərəfdarları polis mühasirəsində müxtəlif dəstəkləyici plankartlar qaldıraraq, eks-prezidentin dərhal azadlığa buraxılmasını tələb edirlər. Onların şüarlarında yazılıb: \"O bizə 30 il azadlıq bəxş edib. Başını yuxarı qaldır. Mübarək!"
Ekspertlər isə vurğulayırlar ki, vəziyyəti gərginləşdirən səbəb Mübarəkin məhkəməsinin birbaşa televiziya ilə yayımlanmamasıdır. Hüsnü Mübarək ürək çatışmamazlığından əziyyət çəkir və bu ilin aprel ayından hospitalda müalicə alır.

Mətbuat mənsublarının girməsinə icazə verilməyən məhkəmə binasından çıxan şahidlərin bildirdiyinə görə, məhkəmə prosesində 21 adam yaralanıb: "Məhkəmə salonunda \"ayaqqabı döyüşü\" gedir. Tərəflərin hamısı ayaqqabılarını çıxardaraq bir-birlərinə atırlar" - deyə şahidlərdən biri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə