Meksika körfəzindəki \"Li\" qasırğası nəticəsində 237 neft-qaz platforması evakuasiya olunub

\"Li\" qasırğasının güclənməsi səbəbi ilə Meksikada fəaliyyət göstərən 237 neft-qaz platformasında çalışan fəhlələr evakuasiya edilib. SİA Assoşeyted Press agentliyinə istinadən xəbər verir ki, evakuasiya nəticəsində regionda neft hasilatı 60 faiz, qaz hasilatı isə 55 faizi azalıb. Neft və qaz hasilatı ilə məşğul olan şirkət nümayəndələri isə bildiriblər ki, qasırğadan sonra, həmin ərazilərə baxış keçiriləcək. Əgər qüllələrə və platformalara ciddi ziyan dəyilməsə, qısa müddət ərzində hasilatlar öz köhnə tempi ilə davam edəcək.

Lakin Meksikadakı \"Li\" qasırğasının təsiri ABŞ-dan da yan keçməyib. Belə ki, qasırğa Meksika körfəzindən şimala doğru hərəkət edərək Luiziana,Missisipi və Alabama sahillərində leysan xarakterli yağıların yağmasına səbəb olub. CNN məlumat verir ki, Luiziananın 30 minə yaxın əhalisi elektriksiz qalıb. Ştatın bəzi regionlarında əhalinin evakuasiyasına start verilib. Yeni Orleanın meri isə əhaliyə xəbərdarlıq edərək şəhərdə fövqəladə vəziyyət elan edib. O deyib ki, hər kəs daha ağır nəticələrin baş verməsini gözə almalıdır.

Avqustun sonlarında ABŞ \"Ayrin\" qasırğasından ciddi zərər görmüşdü. Qasırğa nəticəsində 44 insan ölmüş, milyonlarla insan enerji resusrslarından məhrum olmuşdu. Nyu-York və Şimali Karolina ştatları federal miqyasda təhlükəli zona elan edilmişdi. Ayrin qasırğasının vurduğu ziyan 45 milyon ABŞ dolları həcmində ölçülür.

Bütün xəbərlər Facebook səhifəmizdə