BMT-nin qeyri-müəyyən qərarından sonra Türkiyə-İsrail münasibətləri bir az da gərginləşib

BMT-nin xüsusi komissiyası \"Mavi Mərmərə\" məsələsində ikili qərar çıxarıb. 2010-cu ildə Türkiyə limanından çıxaraq Qəzzaya yardım aparan gəminin İsrail hərbçiləri tərəfindən atəşə tutulması və nəticədə 9 Türkiyə vətəndaşının öldürülməsi işinə qiymət verən xüsusi komissiya burada Türkiyəni və İsraili təqsirkar bilib. Bu barədə komissiyanın cümə günü açıqladığı hesabatında qeyd olunub.
Həmin hesabatda deyilir ki, insanlar həmin ərəfədə öz siyasi baxışlarını sərgiləməklə yanaşı, humanitar yardım daşıyan \"Mavi Mərmərə\" dəniz blokadasını yarmağa cəhd göstərib. Komissiyanın rəyinə görə, Türkiyə və İsrail hadisənin sonrakı inkişasını bu tərzdə qiymətləndirməyiblər və məlum hadisənin yaşanmaması üçün lazımi meyarları ölçməyiblər: \"Türkiyə tərəfi potensial risk barədə \"Mavi Mərmərə\"ni bilgiləndirməliydi.
İsrail tərəfinin isə gəmini blokada zonasından uzaq olduğu bir ərazidə bu qədər güc tətbiqi ilə, xəbərdarlıqsız olaraq atəşə tutması, sonradan isə hücum edərək onu ələ keçirməsi olduqca düşüncəsiz davranış kimi dəyərləndirilir.
Eyni zamanda, hesabatda bildirilir ki, İsrailin \"dəniz blokadası\" qanuni çərçivədədir və Qəzzaya istiqamət götürən digər gəmilərin silah daşımasının qarşısını alır.
İnformasiyalar yayıldıqdan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu daha öncə səsləndirdiyi \"b\" planını reallaşdıracaqlarını ifadə edib. O, bildirib ki, rəsmi Ankara İsrail ilə münasibətlərini minimum həddə endirir. Səfirlik və digər diplomatik danışıqlar prosesi ikinci dərəcəli katib statusunda aparılacaq. Eyni zamanda, hərbi əməkdaşlığın da dondurulması həmin planın tərkib hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə