Nikola Sarkozi: “Fransa dünyanın bütün ölkələrində demokratiyanın inkişafında maraqlıdır”

Nikola Sarkozi: “Fransa dünyanın bütün ölkələrində demokratiyanın inkişafında maraqlıdır”

Fransa prezidenti Nikola Sarkozi Yelisey sarayında Liviya Milli Keçid Şurasının baş naziri Mahmud Cibrili ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı son bir neçə gündə Liviyada yaranmış vəziyyət, Müammər Qəddafinin süqutundan sonra ölkənin bərpası, azad və demokratik cəmiyyətin yaradılması, beynəlxalq qüvvələrin siyasi keçid dövründə Liviyaya yardım göstərmələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

M.Cibrili ölkəsində döyüşün bitmədiyini, Qəddafi devrildikdən sonra belə vətəndaş müharibəsinin bir müddət davam edəcəyini bildirib, ölkənin bərpası və yenidən qurulması uğrunda döyüşün qarşıda durduğunu diqqətə çatdırıb. Liviyada insan hüquqlarının və demokratiyanın bərqərar olmasında bir çox dövlətlərlə yanaşı, Fransanın da hərtərəfli yardımını yüksək qiymətləndirib.

Nikola Sarkozi Liviyada Fransanın xüsusi qüvvələrinin olmadığını, yalnız ölkənin Benqazi şəhərində bir səfirin, əməkdaşların və müşahidəçilərin qaldığını bildirib: "Fransa dünyanın bütün ölkələrində demokratiyanın inkişafında maraqlıdır. 40 ildən çox hakimiyyətdə olmuş M.Qəddafi rejimi azadlığı boğur, insanların siyasi əqidələrinə görə izlənir, bəziləri isə həbs edilərək məhkəməsiz və hökmsüz ömürlük həbsxanalara salınıb. Liviyada yaranmış vəziyyətlə bağlı sentyabrın 1-də Parisdə beynəlxalq konfrans təşkil ediləcək. Rusiya, Şin, Hindistan, Braziliya və digər dövlət başçıları konfransın işində iştirak edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə