Qəzzaya növbəti hava hücumu zamanı bir fələstinli həlak olub

Qəzzaya növbəti hava hücumu zamanı bir fələstinli həlak olub
İsrail hərbi hava qüvvələrinin Qəzzaya etdiyi növbəti hücum zamanı bir fələstin vətəndaşı ölüb, ikisi yaralanıb. İTAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, hadisə pilotsuz təyyarədən Rəfah şəhərində hərəkət edən avtomobilə raket zərbəsinin endirilməsi nəticəsinədə baş verib. Həlak olanın "Sar Əl Qüds" ("Qüds alayı") silahlı qruplaşmasının "İslam Cihadı" qanadını təmsil edən səhra komandirlərindən biri olduğu qeyd edilir.
Xatırladaq ki, keçən həftənin cümə axşamından başlayaraq İsrail hərbi hava qüvvələri Fələstinin sahilyanı anklavını intensiv bombardmana məruz qoyub. Onlar bunu fələstin silahlılarının səkkiz İsrail vətəndaşını öldürmələri ilə əlaqələndirirlər. Belə ki, İsrail hökuməti öz vətəndaşlarının öldürülməsindən sonra dərhal bəyan etmişdi ki, Fələstin yaraqlıları terror aktını Misir ərazisindən keçməklə reallaşdırıblar və cavablarını alacaqlar.
Xəbər agentliyi onu da bildirir ki, hava hücumları nəticəsində ümumilikdə 15 fələstinli həlak olub ki, onlardan beş nəfəri silahsız sakinlərdir, yerdə qalanları isə radikal qruplaşmalarının üzvləridir. Öldürülənlərdən üçünün uşaq olduğu xəbər verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə