Qəddafi qüvvələri gecə saatlarında Əl-Aceylat şəhərinə hücuma keçiblər

Qəddafi qüvvələri gecə saatlarında Əl-Aceylat şəhərinə hücuma keçiblər
Ötən gecə yayılan informasiyalara görə, Liviyanın paytaxtı Tripoli onlarla reaktiv raketin hücumuna məruz qalıb. Hələlik həlak olanlar barədə heç bir məlumat yoxdur. Şahidlərin sözlərinə görə, partlayış səsləri hökumətin yerləşdiyi kvartallar tərəfdən eşidilib. SİA Vesti.ru-ya istinadən xəbər verir ki, reaktiv raket hücumu zamanı Qəddafiyə sadiq ordu qüvvələri tank və ağır artileriyanın dəstəyi ilə Əl-Aceylat şəhərinə tərəf hücuma keçiblər. Şəhər paytaxt Tripolidən 100 km qərbdə yerləşir. Polkovnikin nümayəndələri isə bildiriblər ki, onlar ölkəni qaynayan vulkana çevirəcəklər. Qəddafinin özü isə paytaxtı tərk etməyini taktiki gediş kimi dəyərləndirib.
Xatırladaq ki, bu ərəfədə Liviyanın paytaxtı müxalifətçilərin əlindədir. Hökumət iqamətgahlarının yerləşdiyi Bab əl-Əziziyyədə şadyanalıq edən silahlılar Müəmmar Qəddafinin qızıldan düzəldilmiş heykəlinin baş hissəsini kəsmiş və onun məşhur bədəvi çadırını yandırmışlar. Onun iqamətgahı üzərində hazırda üçrəngli müxalifət bayrağının dalğalandığı bildirilir. Müxalifət rəsmilərinin dediyinə görə, iki gün ərzində Milli Keçid Şurası Tripoliyə köçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə