Fransa və Almaniya avrozonada “iqtisadi hökumət” yaratmaq təklifi ilə çıxış ediblər
Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Anqela Merkel Avropanı cənginə almış iqtisadi problemlərlə bağlı birgə mətbuat konfransı keçiriblər. SİA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkə başçıları Avropa borc böhranını aradan qaldırmaq naminə avrozonada "real iqtisadi hökümətin" yaradılmasını təklif edib.
"Bizim birinci təklifimiz Avropada güclü iqtisadi hökümətin yaradılmasıdır. Bu hökümət ölkə başçılarının və hökumət nümayəndələrinin daxil olacağı şuradan ibarət olacaq. İldə iki dəfə iclası keçiriləcək və lazım gəldikdə iki il yarım müddətinə şuranın səlahiyyətli prezidenti seçiləcək. Xanım Merkel və mən bu vəzifəyə ən real namizəd kimi cənab Herman Van Rompuyu görürük", deyə Sarkozi qeyd edib.
Xatırladaq Herman Van Rompuy Avropa Şurasının hazırkı prezidentidir.
Bundan başqa, dövlət başçıları büdcə borclarını azaltmaq məqsədilə avrozonada maliyyə əməliyyatlarına görə vergi tutumu təklifi ilə də çıxış ediblər. Merkel və Sarkozinin dediyinə görə, avrozonaya daxil olan 17 ölkənin "iqtisadi hökuməti" ildə iki dəfə olmaqla qurumun sədrinin rəhbərliyi altında toplanacaq. Maliyyə siyasətinin koordinasiyası məqsədilə xüsusi şura təsis ediləcək.
Alman kansleri Anqela Merkel borc böhranından çıxış yolu kimi avroistiqrazların buraxılmasını səmərəli addım kimi dəyərləndirməyib. Xanım Merkel tələsik iqtisadi tədbirlərdənsə, problemin tədricən siyasi tənzimləmə yolu ilə həll olunacağını deyib.
Qeyd edək ki, birgə mətbuat konfransı dünya birjasına da təsirsiz ötüşməyib. Dövlət başçılarının çıxışı zamanı Dow Jones indeksi 0.5 faiz aşağı düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB