İran Suriyada hərbi baza yaratmaq niyyəti ilə bağlı dərc olunan xəbərləri təkzib edib

İran Suriyada hərbi baza yaratmaq niyyəti ilə bağlı dərc olunan xəbərləri təkzib edib

İran Suriyada hərbi baza yaratmaq niyyəti ilə bağlı dərc olunan xəbərləri təkzib edib. SİA-nın xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında deyib: "Qərb mətbuatı tərəfindən dərc edilən xəbər Avropa ölkələrinin bu regiona müdaxilə etməsi üçün gətirilən bir bəhanədir. Onlar belə yazılar dərc etməklə Avropada yaşayan xalqların diqqətini Qərbin daxilində baş verən gərginlikdən yayındırmaq istəyirlər".

Qeyd edək ki, İngiltərədə çıxan "The Teleqraf" qəzeti Britaniya kəşfiyyatının məlumatına əsasən bildirib ki, bölgədəki mövcud hərbi-siyasi və sosial-iqtisadi vəziyyətin gərginliyinə baxmayaraq, Tehran hakimiyyəti Suriyada hərbi baza yaratmaq niyyətindədir. Bu bazanın tikintisinə Suriyanın Latakiya liman şəhərində başlanılacaq. Məsələyə dair anlaşma bu ilin iyununda Suriya rəsmi nümayəndə heyətinin Tehrana səfəri zamanı əldə olunub.

Hərbi bazanın inşasını gələn ilin sonuna başa çatdırmağı planlaşdırıblar. Mənbənin bildirdiyinə görə, bu hərbi müəssisənin tikintisində əsas məqsəd İrandan Suriyaya hərbi texnika ötürməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə