Şimon Peres fələstinlilərlə gizli danışıqlar aparıb

Şimon Peres fələstinlilərlə gizli danışıqlar aparıb

İsrail Prezidenti Şimon Peres bu ilin sentyabrında BMT Baş Məclisində birtərəfli qaydada Fələstin dövlətinin elan edilməsinin qarşısını almaq məqsədi ilə Fələstin Milli Administrasiyasının nümayəndələri ilə gizli danışıqlar aparıb. SİA-nın məlumatına görə, Ş.Peres iyulun 26-da Fələstin tərəfindən danışıqlar aparan Saib Arikatla görüşüb. Siyasətçilər guya İordan çayının Qərb sahili ərazilərinin bölünməsi, habelə Şərqi Qüds problemini müzakirə edib, İsrail və Fələstin arasında həlledici danışıqlar üçün əsas ola biləcək formulu tapmağa çalışıblar.

Rəmallahdakı yüksək vəzifəli fələstinli təsdiq edib ki, Arikat Pereslə bir neçə dəfə, o cümlədən bu həftə görüşüb. Peresin Müqəddəs Ramazan ayının başlanması ərəfəsində ərəb KİV-lərinə xüsusi müraciətində də fələstinlilərlə görüşün baş tutduğu görünür. O deyib: "Mən bütün tərəflərlə danışıram. Bilirəm ki, tərəflərin mövqelərində nəzərəçarpacaq irəliləyişlər və yaxınlaşma vardır, fikir ayrılıqları isə çox cüzidir".

Ərəb jurnalistləri ilə görüşündə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edən Ş.Peres sentyabr ayını ümidlə gözlədiyini bildirib: "Belə siyasi yanaşma əsl sıçrayış etməyə imkan verəcək və sentyabrı ümid ayına çevirəcək. Mən gördüm ki, fələstinlilər BMT-yə münaqişəli yolla daxil olmaqdansa, danışıqlara üstünlük verir".

Bütün xəbərlər Facebook səhifəmizdə