Misirdə yenidən qarşıdurmalar başlayıb

Misirdə yenidən qarşıdurmalar başlayıb

Qahirədəki qarşıdurmalar nəticəsində ən azı 230 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, Misirdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşmalar qeydə alınıb.

Misirin paytaxtı Qahirədə Müdafiə Nazirliyinin binası önündə etirazçılarla asayiş keşiçkiləri arasında toqquşma baş verib.

Qarşıdurmalar nəticəsində ən azı 230 nəfər xəsarət alıb.

Nümayişçilər nazirliyin binasına soxulmağa cəhd edərkən polisin və hərbçilərin müqavimətilə qarşılaşıb. Tərəflər arasında toqquşmada daş və "Molotov kokteyli"ndən istifadə edilib.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl uzun illər boyunca ölkəyə rəhbərlik etmiş Hüsnü Mübarəkin devrilməsinə nail olan Misir vətəndaşları indi də ölkəni idarə edən Silahlı Qüvvələrin Ali Şurasından iqtisadi və siyasi islahatların keçirilməsini tələb edir. Aksiya zamanı ölkəyə rəhbərlik edən marşal Hüseyn Tantavinin istefası tələbilə çıxışlar səslənib.

Qarşıdurmaya görə, tərəflər bir-birini günahlandırır. Şahidlərin sözlərinə görə, toqquşma hərbçilərdən birinin etirazçılara daş atması ilə başlayıb. Öz növbəsində polis və hərbçilər mövcud rejim əleyhdarlarına qarşı hər hansı bir zorakılıq edilmədiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə