Britaniya kitabxanası Britaniyada demək olar ki, nəşr edildiyi formada saxlanılan ən qədim kitabı almaq üçün 9 milyon funt sterlinq (təqribən 14,5 milyon dollar) vəsait toplamağa başlayıb. SİA-nın məlumatına görə, toplanan vəsait dəri cildli kiçik (insanın ovucu boyda) İncili almağa sərf ediləcək.
Apostolların kəlamlarının toplandığı bu cild təqribən 1300 il bundan əvvəl yaşamış müqəddəs Kutbert Lindisfarlının məqbərəsində tapılıb.
1979-cu ildə müvəqqəti saxlanılmaq üçün Britaniya kitabxanasının arxivlərinə verilmiş kitab o vaxtdan oradadır.
Hazırda müəssisənin əməkdaşları bu artefaktın alınması barədə danışıqlar aparırlar.
Britaniya Milli İrs Memorial Fondu İncilin alınması üçün maddi baxımdan kömək etməyə hazır olduğunu bildirmiş və bunun üçün tələb edilən məbləğin tən yarısını öz ehtiyatlarından kitabxananın hesabına köçürəcəyini vəd edib.
Milli İncəsənət Fondu da bu məqsəd üçün 250 min funt sterlinq ayırmaq niyyətindədir.
Britaniya kitabxanasının əməkdaşları vəd ediblər ki, onların planları həyata keçsə, bu nadir kitabı məşhur Darem kilsəsində – YUNESKO-nun Ümumdünya İrs Siyahısındakı obyektlər sırasına daxil edilmiş bu monumental tikilidə nümayiş etdirəcəklər. İncil bu kilsənin içərisində 1104-cü ildə orada dəfn edilmiş müqəddəs Kutbertin məqbərəsi açılarkən aşkar edilib.
VII əsrə aid edilən kitabın orijinal dəri cildi praktiki olaraq tam salamat qalıb.
Britaniya kitabxanasının direktoru Linn Bredlinin sözlərinə görə, bu incil "anqlosakslar dövründən sanki möcüzə sayəsində zəmanəmizə qədər salamat qalıb".
Britaniya kitabxanası 1973-cü ildə yaradılıb. Dünyada ən iri kitabxanalardan biri olan bu kitabxananın saxlama vahidlərinin sayı 150 milyondan çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB