13 Türk əsgəri PKK-nın pusqusuna düşərək şəhid oldu

13 Türk əsgəri PKK-nın pusqusuna düşərək şəhid oldu

Türkiyənin cənub-şərqində axan qanın dayandırılması üçün yollar aranarkən ölkə ictimaiyyəti aldığı xəbərdən sarsılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 13 Məhmətcik Diyarbəkirin Silvan mahalında PKK-nın gündüz qurduğu pusquya düşərək şəhid olub. Acı xəbərin ardından Baş nazirlikdə təcili toplantı keçirilib.

Son 30 ildə minlərlə övladını terrora qurban verən Türkiyə dünən bir daha şəhid ağrısıyla sarsılıb. Diyarbəkirin Silvan mahalında axtarış tədbirləri həyata keçirən əsgərlər PKK-nın qurduğu pusquya düşərək itki verib, ikisi ağır olmaqla 7 əsgər yaralanıb. Qarşıdurmada 7 terrorist öldürülüb.


Qeyd edək ki, təhlükəsizlik gücləri ötən həftə Licedə qaçırılan iki ehtiyat zabit ilə bir tibb işçisinin azad olunması və üç gün əvvəl isə Hazro Mahal Jandarma Polis bölməsinə təşkil edilən silahlı basqınla bağlı Lice, Hazro, Silvan və Qulp arasında əməliyyata başlamışdı. Silvanın Dolapdərə kəndi ərazisində axtarış əməliyyatı həyata keçirən təhlükəsizlik gücləri dünən günorta saatlarında yemək fasiləsinə çıxıblar. Əsgərlərə tələ quran təxminən 30 terrorçu eyni vaxtda əsgərlərə atəş açıb. Atəşə atəşlə cavab verən təhlükəsizlik gücləri təxminən üç saat davam edən qarşıdurmada 13 əsgər itiriblər.

Diyarbəkir valisi Mustafa Torpaq bildirib ki, təhlükəsizlik gücləri "Təslim ol" əmri verib. Əvəzində PKK üzvləri atəş açıblar. ''Kədərliyik. Bölgədə son dövrdə meydana gələn ən böyük qarşıdurmalardan biri yaşanır. Bölgəyə möhkəmlətmə qruplar sövq edildi. Əməliyyatlar davam edir", - deyə Mustafa Torpaq bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə